Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. SİA xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.
Bildirib ki, Trampla çox yaxşı söhbət edib və bu söhbət zamanı tərəflər Ukraynaya gələcək dəstəyi, təhlükəsizliyin möhkəmləndirilməsi və ədalətli sülhə nail olunmasının vacibliyini müzakirə ediblər.
"Ukraynanı dəstəkləmək və qətlləri dayandırmaq, davamlı, ədalətli sülhün bərqərar olması üçün gələcəkdə birlikdə işləmək istəyinizə görə sizə təşəkkür edirəm", - deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Tramp NATO-nun Baş katibi Mark Rütte ilə görüşündən də danışıb. Zelenski Alyans ölkələri ilə yaxşı münasibətlərin vacibliyini qeyd edib və müttəfiqlər müdafiə xərclərini artırmağa çalışdıqlarını bildirib.
Tərəflər ukraynalıların Rusiya hücumlarından müdafiəsini gücləndirmək üçün zəruri vasitələr və həll yolları məsələsinə toxunublar. "Biz sülhə nail olmaq üçün mümkün qədər məhsuldar işləməyə hazırıq", - deyə Zelenski qeyd edib.
Zelenski, həmçinin bildirib ki, o və Tramp daha tez-tez ünsiyyət qurmaq, gələcək fəaliyyətləri əlaqələndirmək barədə razılığa gəliblər. Sonda o, Amerika liderinə təşəkkür edib: "Sağ olun, cənab Prezident! Sağ olun, Amerika!".
Zelenski NATO-nun Baş katibi Mark Rütte ilə də telefonla danışıb.
"Mark Vaşinqtonda Prezident Trampla görüşü və Ukraynaya dəstəyi davam etdirmək və gücləndirmək üçün Avropa ilə ABŞ arasında əməkdaşlığın təfərrüatları haqqında məlumat verib", - deyə Zelenski yazıb.
Prezidentin sözlərinə görə, Ukrayna əlavə “Patriot”lar vermək istəyini yüksək qiymətləndirir və Amerika, Almaniya və Norveç artıq bunun üçün birgə işləyirlər.
"Xalqımızın həyatını qorumaq və Rusiyanın hücumlarını dəf etmək üçün başqa silahlar da çatdırılacaq. Sülh naminə və insanların həyatını xilas etmək üçün Rusiyaya təzyiqləri artırmaq vacibdir. Sağ olun, Mark", - Zelenski vurğulayıb.
Qeyd edək ki, hazırda Ukrayna “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı danışıqları davam etdirir. Prezident Zelenski daha əvvəl ölkənin bu sistemləri ABŞ-dan raketlərlə birlikdə almağa hazır olduğunu söyləmişdi.