Almaniya məcburi hərbi xidmətə keçir

14 İyul 2025 17:17 (UTC+04:00)

2024-cü ilin yazında Almaniya Müdafiə Nazirliyi hərbi xidmətin könüllü olduğu Skandinaviya modeli adlanan modeli nümunə götürərək Soyuq Müharibədən bəri Bundesverdə ən köklü islahat hazırladığını açıqlamışdı. Almaniya məcburi hərbi çağırışı geri qaytarmalıdır. Bunu bazar günü, iyulun 13-də ölkə prezidenti Frank-Valter Ştaynmayer ZDF telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Avropada təhlükəsizlik arxitekturası məhv edilib və bunun fonunda Avropa ölkələri, xüsusən də Almaniya özlərini fərqli və daha yaxşı qorumalıdır. “Rusiyanın başladığı müharibəyə görə, bundan çıxardığımız nəticələrə görə, özümüzü daha yaxşı qorumaq üçün Bundesverdə kadrlar olmalıdır”, - Ştaynmayer bildirib.

Onun fikrincə, buna o zaman nail olmaq olar ki, daha çox gənc yenidən hərbi xidmətə götürülsün. Bunun üçün xidmətin özü gənclər üçün cəlbedici olmalıdır, Almaniya prezidenti qeyd edib.

Almaniyada ümumi hərbi xidmət 2011-ci ildə ləğv edilib.

Məlumdur ki, Almaniyanın 2025-ci il və sonrakı illərdə illik müdafiə büdcəsi 2024-cü ildəki 52 milyard avro ilə müqayisədə 60 milyard avrodan çox artmalıdır.

Danimarkada 18 yaşında qadınların kişilərlə bərabər əsaslarla hərbi xidmətə çağırılmasını nəzərdə tutan yeni qanunvericilik iyulun 1-dən qüvvəyə minib.

Rusiya prezidenti Vladimir Putin 2025-ci ilin aprel-iyul aylarında 160 min rusiyalının hərbi xidmətə çağırılması barədə göstəriş verib.

V.VƏLİYEV