Xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir
Səkkizinci məqalə
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin səkkizincisi oxuculara təqdim edilir.
Bu məqalədə Türk dünyasında önəmli yer tutan və ortaq dəyər olan xalçaçılıqdan bəhs edəcəyik.
Ortaq ilmələr ortaq xalçalar
Bu yerdə yenə mənbələr istinda edərək deyə bilərik ki, ümumiyyətlə xalçaçılıq qədim türklərin əsas əmək verdikləri sahələrdən biridir. Türk xalqlarının hər biri bu sənətə öz coğrafi mühiti, tarixi təcrübəsi və estetik dəyərləri çərçivəsində spesifik töhfələr vermişdir. Hər bir xalça, əslində, bir xalqın tarixi yaddaşını daşıyan, simvolik mənalarla yüklənmiş bir sənət abidəsidir.
Xalça türk xalqlarının milli qürur mənbəyidir. Xalçaçılıqda istifadə edilən bəzi ortaq naxışlar da bunu bir daha təsdiqləyir. Məsələn, bütün türk xalqlarında xalçalarda romb formasında naxışlara rast gəlmək olar. Eynən də rəng çalarları və həndəsi fiqurlar, nəbati naxışlar türkçülüyün rəmzlərin özündə əks etdirir. Türk dünyasında qırmızı xalça ustadların ən sevimli rənglərindən ilkidir. Çünki Od, Günəş türkçülüyün ən dəyərli ortaq rəmzləridir.
Qazax xalçaları türk xalqlarının xalçalar arasında öz gözəlliyi və qədimliyi ilə ön sıralarda yer alır
Konkret olaraq Qazaxıstan xalçalarına gəlincə, xalçaçılıq Qazax millətinin ənənələrini, qədimliyini, əsirlərə dayanan tarixini özündə əks etdirir. Qazax xalçaları türk xalqlarının xalçalar arasında öz gözəlliyi və qədimliyi ilə ön sıralarda yer alır. Xalça burada iki üsulla hazırlanır- həm əl toxunuşu, həm keçədən toxunan xalçalar. Onlar isə öz növbəsində xovlu və xovsuz çeşidlərinə bölünür.
Qazax xalçalarından biri keçədir. Bu, büzülmüş yundan hazırlanan qalın, tikilməmiş, tekstil məmulatıdır. Bu məmulatlar çox gözəl havanı buraxır və unikal xüsusiyyətlərə malikdir. Türklər, o cümlədən Qazax türkləri qədim dövrlərdən qoyun tükünün keçəyə çevrilməsi texnologiyasına yüksək səviyyədə yiyələnmiş və bu ustalıqlarını yüz illər keçməsinə rəğmən yaşada bilmişlər.
Alimlərin tədqiqatlarına əsaslanaraq demək olar ki, naxışlı keçənin hazırlanmasını hələ ilkin köçəri həyat sürən Oğuz tayfalarının dövrünə aid etmək olar. Bunun ilkin səbəbi isə köçəri tayfaların maldarlıqla geniş səviyyədə məşğul olması idi. Qoyun və dəvə sürüləri qida məmulatlarından başqa, həm də eyni zamanda müxtəlif yun məmulatları da əldə etmək olurdu.
Günümüzdə əsas həyat tərzinə çevrilən keçəli xalçalar Orta Asiya xalqlarında dekorativ əşya kimi dəyərləndirilir.
Qazax xalçaçılığında xovlu və xovsuz xalçalar xüsusilə məşhurdur və hər ikisi özünəməxsus xüsusiyyətləri ilə seçilir. Ümumiyyətlə, Qazax xalçaçılığı qədim ənənələrə əsaslanır və bu iki növ xalça Qazax xalqının gündəlik həyatında və mədəniyyətində mühüm rol oynayır. Onların hazırlanma texnologiyası və naxışları hər biri özünəməxsus simvolika və funksionallıq daşıyır. Bundan başqa, “Sırmak”, “Təkəmət”, “Tuşkiz”, “Alaşa” xalçaları da qədimdən günümüzə qədər gəlib çatıb.
Orta Asiyanın digər türk xaqlarının da xalçaçılıq ənənələri mövcuddur
Orta Asiyada, həmçinin digər türk xaqlaırnın da xalçaçılıq ənənələri mövcuddur. Məsələn, Qırğız xalçaları əsasən xovlu xalçalar hesab olunur. Qırğız xalqı erkən orta əsrlər dövründən xalçaçılıqla məşğul idilər. Lakin buna baxmayaraq xalçaçılıq sənəti yalnız XIX əsrdə inkişaf etməyə başlamışdır. O, dövrə qədər xalça yalnız məişət avadanlığı sayılıb və sonradan ekporta ixrac edilib. “Ala –Kız”, “Kurak”, “Tuşkız”, “Çiy” və “Şırdaq” kimi xalçalar ən məşhur Qırğız xalçalarıdır. Qırğız xalçalarında motivlər əsasən təbiət hadisələri, heyvan fiqurları və qədim Türk kosmologiyasına bağlı elementlər üzərində qurulur. Bu xalçalar təkcə döşəmə və divar örtüyü deyil, həm də evlənmə mərasimlərində cehiz kimi təqdim olunan və ailə xatirəsini qoruyan sənət nümunələridir. Rənglərə gəldikdə, qırmızı, tünd yaşıl, göy və qara tonlar üstünlük təşkil edir və bu rənglərin hər biri simvolik mənaya malikdir - qırmızı həyat və enerji, qara torpaq və bərəkət anlamına gəlir. Bu xalçalar qadınların birgə və fədakar zəhməti nəticəsində ərsəyə gəlmiş sənət nümunələridir. Əsasən bu xanımlar bir ailənin üzvləri olurdu. Nənələr, analar, qızlar və gəlinlər bir yerə toplaşar, həm iş görər, həm də ailənin ənənələrini, naxışların mənalarını və toxuma sirrlərini bir-birinə ötürərdi. Bu proses təkcə əmək fəaliyyəti deyil, həm də mədəniyyətin, sənətin və nəsildən-nəslə ötürülən yaddaşın yaşadılması demək idi. Hər bir ilmə, hər bir naxış ailənin tarixi, həyat tərzi və dünya görüşünün bir parçası idi”.
Bu məqamda vurğulayaq ki, Türk xalqları arasında ən qədim və tanınmış xalçaçılıq ənənələrindən biri Türkmən xalqına məxsusdur. Türkmən xalçaları təkcə məişət əşyası deyil, həm də etnik kimliyin, estetik düşüncənin və mədəni yaddaşın simvoludur. Türkmənistan dünyada öz xalçaları ilə çox məşhurdur. Burada xanımlar xalçaları əlllə toxunur və bu bir ənənədir. Bu xalçalarda həndəsi arnamentlərlə bərabər müxtəlif heyvan rəsm arnamentlərinə də rast gəlmək olar. Məsələn, qoyun, dəvə, at, quş və s. Türkmən xalçaları xüsusilə “göl” adlanan simmetrik motivləri ilə tanınır. Bu xalçalar əsasən qırmızı rəng tonlarına üstünlük verir və ailənin statusunu, tayfanın kimliyini əks etdirir.
Ümumiyyətlə, xalçaçılıq Türkmənistanda təkcə sənətkarlıq deyil, həm də milli kimliyin əsas sütunlarından biri hesab olunur. 2000-ci illərin əvvəlindən Türkmən xalçaları dövlət səviyyəsində müdafiə olunmuş, xüsusi “Xalça Günü” təsis edilmiş və bu sahəyə dövlət sərmayələri yönəldilmişdir.
Xalçaçılıq Özbəkistanın da qədim xalq sənət növlərindən biridir. Özbəkistanda xalçaçılıq sənəti qədim köklərə malikdir və əsasən Buxara, Xivə, Səmərqənd və Fərqanə vadisi kimi bölgələrdə inkişaf etmişdir. Özbək xalçaları əsasən yundan hazırlanır və onların toxunma texnikası simmetrik düyün üsuluna əsaslanır. Naxışlarda ən çox istifadə olunan motivlər arasında geometrik formalar, göyərti elementləri və buta tipli simvollar yer alır. Rəng palitrası isə canlı qırmızı, mavi, sarı və yaşıl tonlardan ibarətdir. Özbək xalçaları funksional məqsədlə həm döşəmə örtüyü, həm də divar bəzəyi kimi istifadə olunur. Özbək xalçaları növünə görə, uzun və qısa xovlu xalçalara bölünür. Özbək xalça növlərindən bəhs edərkən “Cülxirs”, “Gilama” və “Palas”ı qeyd etmək yerinə düşər”.
Sonda onu da vurğulayaq ki, müasir dövrdə qloballaşmanın təsiri ilə bir çox ənənəvi sənət növləri kimi xalçaçılıq da müəyyən təhlükələrlə üz-üzə qalmışdır. Bu səbəbdən, bu qədim sənətin gələcək nəsillərə ötürülməsi üçün dövlət və qeyri-hökumət təşkilatları səviyyəsində işlər görülməlidir. Nəticə etibarilə, xalçaçılıq təkcə keçmişin mirası deyil, həm də Türk dünyasının mədəni gələcəyinin formalaşmasında mühüm rol oynaya biləcək strateji dəyərə malik sənət sahəsidir. Onun yaşadılması, öyrədilməsi və təbliği ümumtürk mədəni kimliyinin gücləndirilməsi baxımından prioritet məsələlərdən biri kimi qiymətləndirilməlidir.
Cavid Şahverdiyev
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.