Gəncə Dövlət Universiteti 100 universitet arasında - FOTO

14 İyul 2025 15:38 (UTC+04:00)

Gəncə Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə olaraq WURI (The World University Rankings for Innovations - Dünya universitetlərinin innovasiya üzrə reyrinqi - www.wuri.world) Reytinq sistemində 16 kateqoriyadan (www.wuri.world/_files/ugd/8e5131_708743231b0a45ffacc8470fc959c980.pdf) biri olan “A8. Qlobal çağırışlara DİM-əsaslı (Dayanıqlı İnkişaf Məqsədləri) cavablar (A8. SDG-Based Responses to Global Challenges)” üzrə ilk 100 universitet siyahısına düşmüşdür (www.wuri.world/_files/ugd/8e5131_ddc09f4741814a238c5c37e4f5ec4a26.pdf). WURI Reytinq sisteminin nəticələri 12 iyul 2025-ci il tarixində Filippində təşkil edilmiş “WURI – 2025 Hibrid Konfransı”nda açıqlanmışdır. Bu uğur münasibətilə bütün universitetin əməkdaşlarını təbrik edirik.

Qeyd edək ki, WURI reytinq sisteminin qiymətləndirmə prosesinə Gəncə Dövlət Universitetinin əməkdaşları mütəxəssis olaraq cəlb edilmişdir. Təşkilatçılar tərəfindən universitetin prosesdə iştirak edən əməkdaşları Cənubi Kareya Respublikasında 24-26 sentyabr tarixlərində təşkil ediləcək “WURI qlobal konfransı”na dəvət edilmişdir. Konfransda həmin şəxslərə təşkilatçılar tərəfindən “İnnovasiya sahəsində mütəxəssis” beynəlxalq sertifikatı veriləcəkdir.

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan WURI tərəfindən bu müsabiqə 2020-ci ildən etibarən təşkil olunur. WURI reytinq sistemi universitetlərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini (SDGs) öz təhsil və tədqiqat fəaliyyətlərində necə tətbiq etdiyini müəyyən edir. Sistem, universitetlərin keyfiyyətli təhsil, iqlimlə bağlı fəaliyyət, bərabərsizliklərin azaldılması və dayanıqlı şəhərlərin yaradılması kimi 17 DİM-i öz kurikulumlarına və tədqiqat təşəbbüslərinə necə inteqrasiya etməsini ölçür. Eyni zamanda bu reytinq sistemi universitetlərin tələbələri və ictimaiyyəti qlobal çağırışların öhdəsindən gəlmələri və davamlı gələcəyə töhfə vermələri üçün nə qədər bilik və bacarıqlarla təmin etməsini ölçür.

Universitet müsabiqəyə Gəncə Dövlət Universitetinin Dayanıqlı Ağıllı Şəhərlər və Regionlar Mərkəzinin tərəfdaşlığı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı, Qafqaz Regional Ekoloji Mərkəzi, İngiltərənin Atkins Realis təşkilatı və nəhayət Gəncə Dövlət Universitetindən ibarət konsorsiumun birgə hazırladığı Gəncə Yaşıl Şəhər Fəaliyyət Planına verdiyi töhvələr əsasında müraciət etmişdir. Bu plan 15 illik bir dövr üçün hazırlanıb və Gəncə şəhərində çirklənmiş ərazilərin təmizlənməsi, ağıllı texnologiyalardan istifadə etməklə enerji səmərəliliyini artırmaq, yaşıl ərazilərin salınması, yeni ictimai nəqliyyat şəbəkəsinin, içməli su və çirkab su xəttləri infrastrukturunun yaradılması, həmçinin bərk məişət tullantılarının idarə edilməsi kimi məsələləri əhatə edir. Gəncə Dövlət Universitetinin əməkdaşları bu layihənin yerli kordinatoru vəzifəsini icra etmişlər.

Müsabiqədə ümumilikdə 87 ölkə üzrə 1253 universitet iştirak edərək 16 kateqoriya üzrə 4866 layihə ilə müraciət etmişdir. WURI reytinq sistemi, 16 kateqoriyadan istifadə edərək innovativ yanaşmalarda üstün olan ali təhsil müəssisələrini seçməklə onları elmi-tədqiqat və innovasiya sahəsində daha da ruhlandırmaq məqsədi daşıyır. WURI - sənaye və cəmiyyətə real təsiri qiymətləndirən, sosial məsuliyyət, etika və dürüstlüyə dəyər verən, gələcək potensialı vurğulayan, qarşılıqlı öyrənməyə imkan verən və ümumilikdə innovasiyanı təşviq edən sıralama sistemidir.

Qeyd edək ki, Gəncə Dövlət Universitetinin innovasiya sahəsində əldə etdiyi bu uğuru ilk deyil. Bundan öncə cari ilin əvvəlində universitet eyni layihə ilə Azərbaycan universitetləri arasında ilk dəfə “Times Higher Education Asiya Ali Təhsil Mükafatları Müsabiqəsi”ndə Ətraf Mühit kateqoriyasında seçilmiş 8 universitet siyahısına düşmüşdür. Təşkilatın sözləri ilə “Asiya Ali Təhsil Mükafatları” mükafatlar ali təhsil məkanında “Ali təhsilin Oskarı” kimi qəbul olunur. Bu mükafatlar regionda ali təhsildə diqqətəlayiq nailiyyətləri qeyd etmək üçün maraqlı bir platformadır. Times Higher Education tərəfindən verilən məlumata görə müsabiqə 10 kateqoriya üzrə keçirilmiş və hər kateqoriya üzrə 8 universitet qısa siyahıya düşmüşdür. Müsabiqəyə 500 dən çox universitet müraciət etmişdir. Qeyd edək ki, 2019-cu ildən bu yana təşkil olunan müsabiqədə ilk dəfə olaraq Azərbaycan və ümumiyyətlə Cənubi Qafqazı təmsil edən bir universitet THE Awards müsabiqəsində qısa siyahıya düşmüş və Makao Elm və Texnologiya Universitetində keçiriləcək mükafatlandırma mərasiminə dəvət olunmuşdur.

Bu reytinq sistemləri tərəfindən təşkil olunmuş müsabiqələrdə qazanılmış uğurlar sübut edir ki, Gəncə Dövlət Univeristeti akademik və elmi-tədqiqat sahəsində qarşıya qoyulmuş məqsədlərinə doğru inamla addımlamağa davam edir. Bu nəaliyyətlərin əldə edilməsi, universitetin reytinq sistemlərində iştirakına əhəmiyyətli dərəcədə təsir etmiş və beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılmasına birbaşa təsir göstərmişdir.

İlham