NATO-nun baş katibi ABŞ-a uçdu
NATO-nun baş katibi Donald Trampı Vaşinqtonda ziyarət edib. Görüş iyulun 14-də keçirilib. NATO-nun mətbuat xidməti xəbər verir ki, NATO-nun baş katibi Mark Ruttenin gələn həftənin əvvəlində ABŞ-a səfər edəcəyi əvvəlcədən planlaşdırılmamışdı. Amma vəziyyət elə gətirdi ki, Baş katib Ağ evə tələcməli oldu. Ruttenin ABŞ prezidenti Donald Trampdan başqa, dövlət katibi Marko Rubio, ABŞ-ın müdafiə naziri Pit Heqset və Konqres üzvləri ilə görüşləri gözlənilir.
Xatırladaq ki, Rutte bu yaxınlarda bəyan etmişdi ki, Rusiya görünməmiş sürətlə yeni müharibəyə hazırlaşır və Avropanı ələ keçirmək cəhdi əsas məqsədə - ABŞ-a hücuma gedən yolda yalnız aralıq mərhələ ola bilər.
Almaniya və İtaliya Trampın bəyanatına reaksiya verib
Aİ məsələni danışıqlar yolu ilə həll etmək imkanı olduğu halda ABŞ-a qarşı əks tədbirləri tətbiq etməyəcəyini bildirib. Almaniya kansleri Fridrix Merz bildirib ki, ABŞ prezidenti Donald Tramp 30%-lik rüsum tətbiq etsə, bu, Almaniya iqtisadiyyatına “dağıdıcı zərbə” olacaq. Bu barədə Bloomberg məlumat yayıb. Aİ problemi danışıqlar yolu ilə həll etmək imkanı olduğu müddətcə ABŞ-a qarşı əks tədbirlərini tətbiq etməyəcəyini bildirib.
Merzin sözlərinə görə, tariflər avqustun 1-dən qüvvəyə minərsə, Almaniya hökuməti bəzi iqtisadi tədbirlərini təxirə salmaq məcburiyyətində qala bilər. "Bu, hər şeyə kölgə salacaq və Almaniyanın ixrac sənayesinə sarsıdıcı zərbə olacaq", - o qeyd edib. Merz əlavə edib ki, o, belə miqyaslı tariflərin tətbiqinin qarşısını almaq üçün Aİ-nin digər liderləri ilə sıx əməkdaşlıq edir. “Bunun üçün iki şey lazımdır: Avropa İttifaqında birlik və Amerika prezidenti ilə yaxşı ünsiyyət”, - kansler bildirib.
Almaniyanın ABŞ-a qarşı Avropanın əks tədbirlərinə dəstək olub-olmaması ilə bağlı suala Merz belə cavab verib: “Bəli, amma avqustun 1-dən əvvəl deyil”. O qeyd edib ki, həftə sonu Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə məsələni intensiv müzakirə edib və cümə günü Trampla telefonla da danışıb. "Biz bu vaxtdan, avqusta qədər olan bu iki həftə yarımdan bir həll tapmaq üçün istifadə etmək istəyirik. Mən buna həqiqətən sadiqəm" dedi Merz.
İtaliya da Trampın tariflərlə bağlı açıqlamasına cavab verib. İtaliyanın xarici işlər naziri Antonio Tajani qeyd edib ki, ABŞ-la ticarət danışıqları uğursuz olarsa və Trampın 30%-lik tarifləri qüvvəyə minərsə, Aİ ABŞ-ın 21 milyard avro dəyərində idxal etdiyi mallara rüsum tətbiq edəcək. O, bu barədə “Il Messagero” nəşrinə müsahibəsində bildirib.
Tajanidən AB-nin Donald Trampın Aİ-dən idxala 30%-lik rüsumları elan etdiyi avqustun 1-dək ABŞ ilə qarşılıqlı məqbul ticarət şərtləri barədə razılığa gələ bilməməsi halında nə gözləyəcəyi soruşulub. "Avropa tariflərinin 21 milyard avroluq siyahısı artıq hazırdır və onun ardınca başqa bir tarif də ola bilər. Amma əminəm ki, irəliləyiş olacaq. Tariflər hamıya ziyan vurur. Fond bazarı düşərsə, Amerikanın əmanətləri və pensiyaları risk altında olacaq", - İtaliyanın xarici işlər naziri bildirib. Onun sözlərinə görə, o, Avropa Komissiyasının razılığa ümid tükənməmiş əks tədbirləri elan etməyə tələsməmək üçün seçdiyi yanaşmanı tamamilə bölüşür. "Biz başımızı dik tutaraq danışıqlar aparmalıyıq, ticarət müharibəsindən yayınmağın hər kəsin xeyrinə olduğunu başa düşməliyik. Avropanın ABŞ-a ehtiyacı var və əksinə... Bizim uzunmüddətli hədəfimiz sıfır tariflər və Kanada, ABŞ, Meksika və Avropa arasında açıq bazardır", - Tajani deyib.
O, hesab edir ki, Aİ-nin Vaşinqtonla İngiltərənin etdiyi kimi, nəticədə razılığa gəlmək şansı var - əvvəlcə prinsipial razılaşma əldə olunacaq, ondan sonra detallar üzrə texniki danışıqlar başlayacaq. Tajani əlavə edib ki, Roma İtaliya iqtisadiyyatı üçün ən kritik sektorların - avtomobil, əczaçılıq, şərabçılıq və bütün kənd təsərrüfatı bizneslərini qorumaq üçün səy göstərəcək. “Biz Aİ-nin hər hansı əks tədbirinin bu sektorlara zərər verməməsini tələb edəcəyik” deyib.
Xatırladaq ki, iyulun 12-də ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Aİ ölkələrindən və Meksikadan idxala 30% rüsum tətbiq ediləcəyini açıqlamışdı. Xəbər verdiyimiz kimi, Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına 30% rüsum tətbiq etmək qərarını tənqid edib.
Aİ Trampa cavab hazırlayır
Avropalı diplomatlar cavab tədbirlərini müzakirə etmək üçün bazar günü fövqəladə toplantı keçirəcəklər. Avropa liderləri və sənaye nümayəndələri ABŞ prezidenti Donald Trampın avqustun 1-dən etibarən Aİ idxalına tarifləri 30%-ə qaldırmaq barədə açıqlamasına kəskin reaksiya veriblər. Bu barədə bazar günü, iyulun 13-də AP məlumat yayıb. Nəşrin məlumatına görə, bu qərar Avropa paytaxtlarında hiddətə səbəb olub. Aİ diplomatları Brüsselin cavabını müzakirə etmək üçün bazar günü təcili iclas keçirməyi planlaşdırır.
Avropa Parlamentinin Ticarət Komitəsinin rəhbəri Bernd Lange Vaşinqtonun qərarını “üzünə sillə” adlandırıb. O əlavə edib ki, əks tədbirlər bazar ertəsi qüvvəyə minməlidir. Fransa prezidenti Emmanuel Makron Avropa Komissiyasını avqustun 1-nə kimi razılıq əldə olunmayacağı təqdirdə “Aİ-nin maraqlarını qətiyyətlə müdafiə etməyə” çağırıb. İspaniyanın Baş naziri Pedro Sançez vahid bazarın gücünü vurğulayıb. Eyni zamanda İtaliyanın baş naziri Giorgia Meloni eskalasiyanın qarşısının alınacağına ümid etdiyini bildirib. Həmçinin Macarıstan Brüsselin mövqeyini tənqid edərək, hesab edir ki, Trampın qayıdışından sonra tariflər aşağı salınmalı idi.
Öz növbəsində Avropa sənayesinin nümayəndələri ABŞ-ın qərarının ciddi nəticələri barədə xəbərdarlıq ediblər. Alman Sənaye Federasiyası (BDI) Trampın bəyanatını “oyanış çağırışı” adlandırıb və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün dərhal həll edilməsini istəyib. Rəsmi məlumatlara görə, Almaniyanın ABŞ-a ixracı artıq 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb. Xəbər verdiyimiz kimi, Tramp şənbə günü sosial şəbəkədə iki məktub yerləşdirərək, avqustun 1-dən etibarən Avropa Birliyi və Meksikadan malların idxalına 30% rüsum tətbiq edəcəyi ilə hədələyib. Daha əvvəl Trampın Kanadaya 25% rüsum tətbiq etdiyi bildirilirdi.
V.VƏLİYEV