Sumqayıtda ''Unudulmaqda olan adət-ənənələr'' adlı layihənin növbəti tədbiri keçirilib - FOTOLAR

14 İyul 2025 13:55 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının akt zalında Azərbaycan Respublikası QHT-lərə dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən ''Unudulmaqda olan adət-ənənələr'' adlı layihənin növbəti tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Sumqayıt şəhərinin zyalıları, mədəniyyət işçiləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamın ruhuna uyğun, həmçinin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan layihə barədə ətraflı məlumat verib.

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev milli adət-ənənələr, maddi-mənəvi dəyərlər ilə bağlı ətraflı və geniş çıxış edib. Tədbir iştirakçıları toy adət-ənənələri, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildiriblər.

Mövzu ilə bağlı çıxış edənlər, Sumqayıt Şəhər Mədəniyyət İdarəisinin rəisi Məhəbbət Qasımova, C.Cabbarlı adına Mədəniyyət Evinin direktoru Səadət Nəcəfova, 15N-li Tam Orta Ümumtəhsil Məktəbin müəllimi Ziya Şirinov,YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi Elvin Əlizadə və digərləri layihənin müasir, qloballaşma dövründə aktuallığını nəzərə alaraq davamlılığının olmasını arzulayıblar.

Sonda İB-nin sədri, H.Qarayev YAP Sumqayıt şəhər təşkilatının kollektivinə, tədbir iştirakçılarına və qonaqlara, tədbirdə iştirak etdikləri üçün, həmçinin mənalı və dəyərli fikirləri üçün təşəkkürünü bildirib.