Qurd xəstəliyi niyə artıb? - HƏKİM AÇIQLADI

14 İyul 2025 13:38 (UTC+04:00)

“Parazitar infeksiyalar — yəni helmintozlar (kurt xəstəlikləri) — ümumilikdə istənilən yaş dövründə müşahidə oluna bilər. Lakin bu xəstəliklər əsasən uşaqlar arasında daha çox yayılmış olur. Bunun əsas səbəblərindən biri uşaqlarda gigiyena qaydalarına yetərincə riayət edilməməsidir. Uşaqlar çox zaman bilmədən müxtəlif səthlərə (xüsusilə də torpaqla təmasda olan əşyalara) əlləri ilə toxunurlar və həmin əlləri ağız, burun və göz kimi selikli qişalarla təmas etdirirlər. Nəticədə mikroorqanizmlər, o cümlədən parazit yumurtaları orqanizmə daxil olaraq həzm sisteminə çatır və orada yerləşərək çoxalmağa başlayır”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Bu yolla orqanizmə daxil olan parazitlərə misal olaraq lyamblia, askarid, enterobiyoz və digər helmintlər göstərilə bilər. Bu infeksiyalar uzun müddət insan orqanizmində simptom vermədən yaşaya bilər və yalnız müəyyən klinik əlamətlərlə özünü biruzə verər.

Parazitar xəstəliklərin əlamətləri aşağıdakılardır:
• Ümumi halsızlıq və zəiflik
• Səbəbsiz iştahsızlıq və ya acqalma
• Gecələr dişlərin bir-birinə sürtülməsi (bruksizm)
• Ağız suyu axması
• Artan əsəbilik və narahatlıq
• Qazların artması, köp, qarın nahiyəsində narahatlıq
• Səbəbsiz qarın getmələri və ya qəbizlik
• Dəridə solğunluq və ya qaşıntılar

Xəstəliyin əsas təhlükəsi ondan ibarətdir ki, parazitlər bir nəfərdə olduqda, gigiyenik tədbirlərə riayət edilmədikdə bu infeksiya eyni məişət mühitində yaşayan digər ailə üzvlərinə də keçə bilər. Nəticədə bir ailə üzvü uzun müddət müalicə olunsa belə, infeksiya mənbəyi sağalmadıqda xəstəlik təkrarən qayıda bilər. Bu səbəbdən bir nəfərdə parazitar xəstəlik aşkarlanarsa, profilaktik məqsədlə bütün ailə üzvlərinin eyni vaxtda müalicə kursu keçməsi tövsiyə olunur.

Qeyd edilməlidir ki, bu xəstəliklərin aşkarlanması üçün qan analizi etibarlı metod sayılmır. Parazitar infeksiyaların aşkarlanması üçün əsas diaqnostik üsul nəcis analizidir. Lakin bəzi hallarda laborator analizlərdə nəticə çıxmasa belə, klinik simptomlar olduqda, həkimlər genişspektrli antiparazitar dərmanlarla müalicəyə başlaya bilərlər”.

Ayşən Vəli