Qadağan olunan yerlərdə siqnal verənləri hansı cərimələr gözləyir? - AYDINLIQ GƏTİRİLDİ

14 İyul 2025 10:46 (UTC+04:00)

"Avtomobilin səs siqnalı yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan vasitələrdən biridir. Lakin bu vasitədən istifadə, "Yol Hərəkəti Haqqında" qanunla konkret hallarda məhdudlaşdırılıb. Səs siqnalı yalnız fövqəladə vəziyyətlərdə – qəza təhlükəsinin qarşısını almaq və ya digər yol hərəkəti iştirakçılarını vaxtında xəbərdar etmək məqsədilə istifadə edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib.

Onun sözlərinə görə, bəzi sürücülər bu texniki vasitədən düzgün olmayan şəkildə, emosiyalarını ifadə etmək, əsəbini bildirmək və ya yersiz üstünlük tələb etmək üçün istifadə edirlər: "Xüsusilə yaşayış məntəqələrində və ya "Siqnal vermək qadağandır" nişanı olan zonalarda siqnal verilməsi həm yol hərəkətinin axınına mənfi təsir göstərir, həm də şəhər mühitində səs-küyün artmasına səbəb olur. Bu, təkcə etik deyil, həm də qanunsuzdur. Belə hallar digər sürücülərdə və piyadalarda çaşqınlıq yarada, qəzalara yol aça bilər.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müəyyən olunmuş qaydalar pozularsa, sürücülər 40 manatadək cərimə edilə və ya inzibati xəbərdarlıq ala bilərlər. Bu pozuntu təkrarlandıqda isə daha sərt cəza tədbirləri nəzərdə tutula bilər. Unutmaq olmaz ki, siqnal vermək hüququ sürücüyə məsuliyyətlə yanaşmaq şərti ilə verilir. Sürücülərə bir daha tövsiyə edirəm ki, avtomobil siqnalını yalnız zəruri hallarda işə salsınlar. Yersiz siqnal həm yol hərəkəti iştirakçılarına təhlükə yarada, həm də şəhər sakinlərinin gündəlik rahatlığını poza bilər. Siqnal bir xəbərdarlıq vasitəsidir, əsəbi boşaltmaq üçün vasitə deyil. Hər bir sürücü bu məsuliyyətin fərqində olmalı, həm qanunlara, həm də cəmiyyətə qarşı hörmətlə davranmalıdır".