Naxçıvanın su hövzələrinə mediatur təşkil edilib - FOTOLAR

14 İyul 2025 10:50 (UTC+04:00)

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qlobal su çatışmazlığına, sudan səmərəli və qənaətli istifadənin vacibliyinə ictimai diqqəti artırmaq üçün muxtar respublikanın su hövzələrinə mediatur təşkil olunub. SİA xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər əvvəlcə Şahbuz rayonunun ərazisində, dəniz səviyyəsindən 2424 metr yüksəklikdə yerləşən "Qanlıgöl" sututarına baş çəkiblər. Məlumat verilib ki, ötən il həyata keçirilmiş mühüm və strateji əhəmiyyət daşıyan layihələrdən biri də "Qanlıgöl" sututarının suburaxıcı qülləsinin əsaslı şəkildə təmir olunmasıdır. Uzun illər təmir edilməyən və nəticədə istifadəyə yararsız hala düşmüş bu mühüm hidrotexniki qurğu, peşəkar yanaşma və müasir texnologiyalarla təchiz olunaraq funksionallığı tam şəkildə bərpa edilib.

Sonra jurnalistlər Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksinə və Şahbuz Çirkab Su Təmizləyici Qurğular Kompleksinə baxış keçiriblər. Media nümayəndələri komplekslərin ümumi infrastrukturu, texnoloji avadanlıqları və fəaliyyət prinsipi ilə yaxından tanış olublar. Mütəxəssislər tərəfindən jurnalistlərə komplekslərin gündəlik iş rejimi, çirkab suların mərhələli şəkildə təmizlənməsi prosesi, ekoloji tələblərə uyğun aparılan nəzarət mexanizmləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu qurğular müasir standartlara uyğun şəkildə qurulub, bölgədə ekoloji tarazlığın qorunması, əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı baxımından mühüm əhəmiyyət daşıyır.

Media nümayəndələri, həmçinin Batabat yaylağında yerləşən Batabat göllərinə də baxış keçirib, Heydər Əliyev Su Anbarındakı mövcud vəziyyətlə tanış olublar.

Mediatur çərçivəsində su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən tədbirlər, muxtar respublikanın içməli və suvarma su təminatının mövcud vəziyyəti, infrastruktur və görülən işlərlə əyani şəkildə tanış olan mediatur iştirakçılarının sualları cavablandırılıb, jurnalistlərə bölgədəki su təsərrüfatının vəziyyəti və aparılan tədbirlər barədə məlumat verilib.