"Atəşkəsin pozulması Yaxın Şərqdə yeni müharibəyə yol aça bilər" - EKSPERT ŞƏRH ETDİ

14 İyul 2025 10:37 (UTC+04:00)

"İran və İsrail arasında gərgin münasibətlər son illərdə regional və qlobal təhlükəsizlik üçün əsas risk mənbələrindən birinə çevrilib. Atəşkəsin mövcudluğu hər nə qədər müsbət addım kimi qiymətləndirilsə də bu vəziyyət olduqca kövrəkdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hər iki tərəf arasında olan qarşılıqlı güvənsizlik, ideoloji ziddiyyətlər və geopolitik maraqlar atəşkəsi daimi sabitliyə çevirməyə imkan vermir: "İranın bölgədəki təsir dairəsini genişləndirməsi, xüsusilə “Hizbullah” və digər müttəfiq qruplar vasitəsilə İsrailin sərhədlərinə yaxın mövqelərdə hərbi iştirakını gücləndirməsi, İsrail üçün qırmızı xətt hesab olunur.

Digər tərəfdən, İsrailin İranın nüvə obyektlərinə qarşı mümkün preventiv hücum ehtimalı regionda silahlı qarşıdurmanı yenidən alovlandıra bilər. Əgər atəşkəs pozularsa, bu ilk növbədə Livan, Suriya və Fələstin ərazilərində yeni toqquşmaların başlanması ilə nəticələnə bilər. Regionda yaranacaq hərbi xaos təkcə Yaxın Şərqi deyil, enerji təhlükəsizliyi vasitəsilə Avropa və dünya ölkələrini də birbaşa təsirləndirəcək. Bundan əlavə, belə bir münaqişə BMT, ABŞ, Rusiya və Çin kimi böyük gücləri də siyasi və diplomatik cəhətdən yeni seçimlər qarşısında qoyacaq. Ona görə də beynəlxalq birliyin əsas məqsədi bu gərginliyi diplomatik yollarla yumşaltmaq, tərəfləri dialoq masasına qaytarmaq və uzunmüddətli sülh mexanizmləri yaratmaq olmalıdır. Əks halda, qarşıdurmanın nə zaman və harada alovlanacağı bəlli deyil, amma nəticələrinin ağır olacağı şübhəsizdir".