Cənubi Koreyada tələbələrin boykotu başa çatdı

13 İyul 2025 05:19 (UTC+04:00)

Cənubi Koreyada hökumətin tibb fakültələrinə qəbul kvotasını artırmaq planına qarşı keçirilən kütləvi boykot aksiyası sona çatır. Cənubi Koreya Tibb Tələbələri Assosiasiyası iyulun 12-də parlamentin təhsil və rifah komitəsinin iclasında boykotun dayandırıldığını və tələbələrin dərslərə qayıdacaqlarını açıqlayıb. SİA xəbər verir ki, dərslərin bərpa ediləcəyi dəqiq tarix hələlik açıqlanmayıb.

“Biz Milli Assambleya və hökumətə etimad göstərərək təhsilimizi davam etdirəcəyik, səhiyyə sisteminin normallaşmasına töhfə verəcəyik”, – deyə assosiasiyanın bəyanatında bildirilir.

Xatırladaq ki, boykot 2024-cü ilin fevralında başlamışdı və ölkə üzrə intern və rezident həkimlərin 93 faizindən çoxu bu aksiyaya qoşulmuşdu. Etirazçılar hökumətin 2025-ci ildən tibb ixtisaslarına qəbul kvotasını 3058-dən 5000-ə qədər artırmaq niyyətinə qarşı çıxırdılar. Onlar bu qərarın tibbi xidmətin keyfiyyətinə mənfi təsir edəcəyini və peşəkarlığın zəifləyəcəyini bildirmişdilər.

Hökumət isə bu addımı bölgələrdə və kənd yerlərində həkim çatışmazlığını aradan qaldırmaq məqsədilə atdığını qeyd etmişdi. İyunda keçirilən prezident seçkilərindən sonra formalaşan yeni hökumət isə kvotanı artırmaq planını dayandırıb və məsələni yenidən nəzərdən keçirmək qərarına gəlib.

Tələbələr həmçinin hökuməti akademik tədris cədvəllərinin bərpası və tibb təhsili ilə bağlı məsləhətçi qurumun yaradılması üçün tədbirlər görməyə çağırıblar.