Ali Məhkəmənin dövlət qulluqçularının kütləvi ixtisarına icazə verməsindən sonra Ağ Ev əlavə məhkəmə çəkişmələrinin qarşısını almaq məqsədilə federal qurumlarda işçilərin ixtisarı planlarını diqqətlə öyrənir. SİA “Reuters” agentliyinə istinadla xəbər verir ki, ixtisarlara başlama tarixi hələ açıqlanmayıb. Ali Məhkəmənin qərarı Prezident Donald Tramp administrasiyasına müxtəlif dövlət qurumlarında minlərlə ştatın ləğvini başlatmaq imkanı verib.
Administrasiya rəsmiləri bu addımları hökumətin fəaliyyətinin optimallaşdırılması kimi təqdim etsələr də, həmkarlar ittifaqları xəbərdarlıq edir ki, kütləvi ixtisarlar gündəlik həyat və vacib xidmətlərin işi üçün ciddi mənfi nəticələrə səbəb olacaq. Ağ Ev Ali Məhkəmənin qərarını alqışlasa da, federal qurumların Donald Trampın bu ilin əvvəlində verdiyi tapşırıq əsasında hazırladıqları ixtisar planlarını dərhal həyata keçirəcəkləri ilə bağlı bəyanat verməkdən çəkinib. Yüz minlərlə federal işçinin həmkarlar ittifaqlarının üzvü olmasını nəzərə alınaraq, kütləvi ixtisarlar əmək müqavilələrinə uyğun həyata keçirilməlidir. Əks halda, əlavə hüquqi problemlərlə üzləşə bilərlər.
ABŞ Dövlət Departamenti əməkdaşların işdən çıxarılması planının icrasına başladığını elan edib. May ayının sonunda Departament təxminən 2 min işçini ixtisar etməyi təklif etmişdi. Yanvar ayında vəzifəsinin icrasına başlayan ABŞ Prezidenti Donald Tramp 2,3 milyon nəfərlik federal dövlət qulluqçularının sayının azaldılması üçün genişmiqyaslı kampaniyaya start verib.
“Reuters”in məlumatına görə, aprel ayının sonuna qədər 260 min federal dövlət qulluqçusu işdən çıxarılıb, istefa verib və ya vaxtından əvvəl pensiyaya göndərilib.