İyulun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Səbail rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə” mövzusunda tədbir keçirilib.
SİA-nın məlumatına görə, YAP-dan bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda mübarizədə həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirdə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən danışıb. O vurğulayıb ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilməsi respublikamızda böyük inkişaf dövrünün başlanğıcı olub və Azərbaycanın gələcək tərəqqisinin əsasını qoyub.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublikada geniş islahatlar həyata keçirilib və Azərbaycan sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və neft sektorlarında sürətlə inkişaf edib. O diqqətə çatdırıb ki, Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Bakıda hərbi lisey yaradılıb və 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin rəsmi dövlət dili kimi daxil edilməsi milli dəyərlərin qorunmasında əhəmiyyətli olub. Heydər Əliyevin 1969-1982-ci illər arasındakı rəhbərliyi ölkənin tərəqqi dövrü olub və müstəqilliyimizin möhkəmlənməsinə zəmin yaradıb. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olunub. Prezident İlham Əliyev isə bu yolu uğurla davam etdirir.
“Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin sədri Sudeyif İmamverdiyev çıxışında deyib ki, Azərbaycanın müasir tarixi və inkişafı birbaşa Ümummilli Liderin Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi milli oyanış və müstəqil dövlət quruculuğu dövrü olub və müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ölkəyə çevrilib. Ümummilli Liderin ideyalarının yeni nəslə aşılanmalı olduğunu deyən S. İmamverdiyev gəncləri Heydər Əliyevin dövlətçilik irsini dərindən öyrənməyə çağırıb.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov isə Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr etdiyini bildirib. Qeyd edib ki, Ümummilli Liderin 1969-cu ildə hakimiyyətə gəlişi ölkə tarixində dönüş nöqtəsi olub. Sovet dövründə Azərbaycanı inkişaf etmiş respublikalar sırasına çıxaran Ulu Öndər 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdaraq müstəqilliyin möhkəmlənməsinə yol açıb. M.Mərdanov vurğulayıb ki, bu gün Azərbaycanın qazandığı uğurlarda Dahi Lider Heydər Əliyevin uzaqgörən siyasətinin rolu danılmazdır və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü bərpa edib, yeni inkişaf mərhələsinə qədəm qoyub.
Sonra çıxış edən YAP Veterenlar Şurasının üzvü Tahir Məmmədov və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ramiz Məşədihəsənli də Ümummilli Lider Heydər Əliyevin Vətənimiz üçün fədakar fəaliyyətinin önəmindən ətraflı danışıblar.
Sonra tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.
Daha sonra YAP sıralarına yeni qəbul edilən şəxslərə üzvlük vəsiqəsi təqdim olunub, partiyanın Səbail rayon təşkilatının bir qrup fəalı Fəxri fərmanla təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.