Sosial şəbəkələrdə sonsuzluğa çarə reklamları: ümid, yoxsa aldatma? - SOSİOLOQ ŞƏRH ETDİ

11 İyul 2025 14:50 (UTC+04:00)

"Son zamanlar sosial şəbəkələrdə “sonsuzluğa çarə” tapdığını iddia edən həkimlərin və ya özünü bu sahənin mütəxəssisi kimi təqdim edən şəxslərin çıxışları geniş yayılmağa başlayıb. Bu cür paylaşımlar, xüsusilə də uzun müddət övlad həsrəti çəkən ailələr üçün ümidverici görünə bilər, lakin əslində çox zaman elmi əsaslardan uzaq, kommersiya məqsədli reklamlar olur". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sosioloji baxımdan bu məsələ bir neçə mühüm problemə işarə edir. İlk növbədə, səhiyyə və sosial media münasibətlərində etik qaydalara əməl olunması vacibdir: "İnsan sağlamlığı ilə bağlı bu qədər ciddi bir mövzuda sosial platformalarda geniş auditoriyaya səslənmək, heç bir tibbi sübut və şəffaf məlumat təqdim etmədən qəti nəticələr vəd etmək, cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur. Bundan başqa bu cür paylaşımlar ictimaiyyətə psixoloji təzyiq göstərir. İnsanlar tez nəticə əldə etmək ümidi ilə elmi müalicə üsullarından uzaqlaşa və təsdiqlənməmiş vasitələrə yönələ bilərlər. Beləliklə, sosial şəbəkə vasitəsilə yayılan “möcüzəvi” müalicə üsulları cəmiyyətdə elmi yanaşmalara inamı azalda, hətta sağlamlıq sektorunda çaşqınlıq və etimadsızlıq yarada bilər.

Sosial şəbəkədəki bu cür iddiaların arxasında həqiqətən peşəkar yanaşma və tibbi əsaslar varsa, bunun sübutları da şəffaf şəkildə təqdim edilməlidir. Əks halda, bu cür çıxışlar daha çox populizm və reklam xarakteri daşıyır, ictimai məsuliyyət isə arxa plana keçir".