Avropa İttifaqına qanunsuz miqrant axını 20 faiz azalıb

11 İyul 2025 01:40 (UTC+04:00)

Bu ilin ilk altı ayında Avropa İttifaqına (Aİ) qanunsuz miqrasiyanın sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Ən kəskin azalmalar Qərbi Balkan marşrutunda (-53 faiz), şərq sərhədlərində (-50 faiz) və Qərbi Afrika marşrutunda (-41 faiz) müşahidə olunub. SİA xəbər verir ki, Avropa İttifaqının (Aİ) Sərhəd Mühafizəsi Agentliyinin (Frontex) məlumatında əsasən, Aİ məkanına qeyri-qanuni daxil olmaq cəhdləri ən çox Mərkəzi Aralıq dənizi marşrutu üzərindən edilib. Bütün qeyri-qanuni sərhəd keçidlərinin 39 faizi bu marşrutun payına düşür. 2025-ci ilin ilk altı ayında bu marşrut üzrə keçidlərin sayı 2024-cü ilin ilk yarısı ilə müqayisədə 12 faiz artıb. Sərhədlərdən qanunsuz yollarla keçənlər arasında ilk sırada Banqladeş, Misir və Əfqanıstan vətəndaşları yer alıblar.

Böyük Britaniyaya qeyri-qanuni keçidlərin sayı isə nəzərəçarpacaq dərəcədə - 23 faiz artaraq 33 mini ötüb.