“Gəncə Avtomobil Zavodu”nun xalis mənfəəti 2 dəfə azalıb

10 İyul 2025 09:30 (UTC+04:00)

“Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi 2024-cü ili 2,711 milyon manat xalis mənfəətlə başa vurub. SİA zavodun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə azdır.

Ötən il GAZ-ın əsas əməliyyat (satışdan) gəliri 101,887 milyon manat (əvvəlki ilə nisbətən 22,3 % az), satışının maya dəyəri 90,779 milyon manat (20,8 % az), sair əməliyyat gəlirləri 821 min manat (əvvəlki il olmayıb), kommersiya xərcləri 2,963 milyon manat (4,9 % az), inzibati xərcləri 3,119 milyon manat (9 % az), sair əməliyyat xərcləri 2,458 milyon manat (14,2 % az), mənfəət vergisi ödəmələri isə 678 min manat (2,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə GAZ-ın aktivləri 88,68 milyon manat olub ki, bu da illik müqayisədə 29,6 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 60 % artaraq 64,599 milyon manata çatıb, balans kapitalı isə 14,1 % azalaraq 24,081 milyon manata düşüb.

Nizamnamə kapitalı 3,573 milyon manat olan GAZ-ın əsası 1986-cı ildə qoyulub və 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanıb. Zavodun tikintisi layihəyə görə 1989-cu illdə başa çatmalı olsa da, Sovet İttifaqının dağılması nəticəsində yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında müəssisə işə düşüb və burada ilk avtomobil yığılıb.