Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “KWU-WFKF” Birliyi üzrə millisi Bolqarıstanın Varna və Kamçiya şəhərlərində keçirilən “KWU-SENSHI” (Dünya Kyokuşin Birliyi) üzrə dünya kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışına qatılıblar. Bu barədə SİA-ya Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İyulun 6-dan etibarən start götürən yarışda komanda ilk uğurlarını qazanıb. Belə ki, yarışın ilkin mərhələsində iki idmançımız mükafata layiq görülüb:
Selcan Babayeva (16-17 yaş, +65 kq) qızıl medal (şəxsi məşqçi – Vidadi Xəlilov);
Cavid Kazımlı (16-17 yaş, 75+ kq) gümüş medal (şəxsi məşqçi Vüsal Məmmədov).
Azərbaycan ümumilikdə 19 idmançı ilə təmsil olunur. Onlardan 14-ü (kyokuşin karate üzrə) artıq mübarizəyə qoşulub, 5 idmançı isə böyüklər arasında keçiriləcək “SENSHI” yarışlarında iştirak edəcək. Onların çıxışları növbəti günlərdə baş tutacaq.
Bu mötəbər yarışda Dünya Kyokuşin Birliyinin 37 ölkə üzrə rəsmi nümayəndəliklərinin yığmaları iştirak edir. Yığma yarışda Azərbaycan Karate Federasiyasının baş katibi, həmçinin “KWU-SENSHI” üzrə nümayəndəsi Qabil Sayadovun rəhbərliyi ilə iştirak edir.
Hazırda təlim-məşq toplanışı və yarışlar davam edir. Millinin qarşıdakı günlərdə daha bir sıra uğurlara imza atacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Karate Federasiyasının “KWU-SENSHI” Birliyi üzrə rəhbəri Ramin Əsədovdur.