Məhərrəmlik ayının önəmi NƏDİR? - İLAHİYYATÇI DANIŞDI

9 İyul 2025 11:38 (UTC+04:00)

"Məhərrəm ayı İslam təqviminin ilk ayı olmaqla yanaşı, mənəvi baxımdan da dərin məna daşıyan bir zaman kəsiyidir. Bu ay, Quranın Tövbə surəsində adı çəkilən və “haram aylar” kimi qeyd olunan dörd müqəddəs aydan biridir. Bu aylar sülh, əmin-amanlıq və ibadətə daha çox yönəlmək üçün seçilmiş dövrlərdir". Bu sözləri SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev deyib.

Onun sözlərinə görə, Məhərrəm ayının daxil olması ilə birlikdə müsəlmanların qəlbində hüzn, həm də dərin bir düşüncə və özünü dəyərləndirmə hissi oyanır: "Bu ayın ən mühüm günlərindən biri olan Aşura günü həm tarixi, həm də dini baxımdan böyük əhəmiyyətə malikdir. Ən başlıcası, bu gün Kərbəla hadisəsinin baş verdiyi gündür. Həzrət Peyğəmbərin (s) sevimli nəvəsi İmam Hüseyn (ə) və onun səhabələri bu gündə haqq, ədalət və zülmə qarşı mübarizə uğrunda şəhid olmuşlar. Bu hadisə təkcə şiə məzhəbinin deyil, bütün İslam dünyasının tarixi və mənəvi yaddaşında mühüm yer tutur. İmam Hüseynin (ə) mübarizəsi və fədakarlığı insanlıq üçün bir ibrət məktəbi olmuşdur. O, zülmə boyun əymədi, haqq yolda canını fəda etdi və bu, nəsillərə örnək oldu. Məhərrəm ayı yalnız hüzn ayı deyil, həm də mənəvi oyanış, təfəkkür və özünüislah zamanıdır. Bu ayda insan öz nəfsinə qarşı mübarizə aparmalı, ibadətə daha çox vaxt ayırmalı, ailə və cəmiyyət dəyərlərinə sadiqliyini yenidən düşünməlidir. Eyni zamanda bu ayda insanlar arasında mehribanlıq, mərhəmət və ədalət prinsipləri daha da önə çıxmalıdır.

Məhərrəmlik ayı bizə yalnız bir faciəni deyil, bir mənəviyyat dərsini, ruh gücünü və əbədi bir mübarizə əzmini xatırladır. Bu ayı layiqincə qarşılamaq üçün hər bir müsəlman həm tarixi dərk etməli, həm də o dəyərləri gündəlik həyatına tətbiq etməyə çalışmalıdır".