"Avtomobillərin texniki baxışı onların yol hərəkəti üçün təhlükəsiz olub-olmadığını müəyyən edən vacib bir prosesdir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, texniki baxışın müddəti bitdikdən sonra nəqliyyat vasitəsinin yollarda hərəkəti qanunvericiliklə qadağandır: "Əgər sürücü texniki baxışın qüvvədəolma müddəti keçmiş avtomobili idarə edərsə, bu, inzibati xətadır və həmin sürücü cərimələnə bilər. Hazırda qüvvədə olan qaydalara əsasən, texniki baxışdan keçməyən avtomobil idarə etdiyinə görə sürücüyə 30 manatdan 50 manata qədər cərimə tətbiq oluna bilər. Eyni zamanda, bu cür halların təkrarlanması və ya yol-nəqliyyat hadisəsinə səbəb olması daha ciddi hüquqi nəticələrə gətirib çıxara bilər.
Ona görə də sürücülərə tövsiyə olunur ki, texniki baxış müddətinə ciddi yanaşsınlar və vaxtı bitməzdən öncə nəqliyyat vasitələrini texniki baxışdan keçirtsinlər. Bu həm onların şəxsi təhlükəsizliyi, həm də ictimai yol hərəkəti qaydalarının təmin olunması baxımından vacibdir".