Tramp və Netanyahu bu həftə ikinci dəfə görüşdü - DETALLAR BƏLLİ OLDU

9 İyul 2025 10:14 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Qəzza məsələsini müzakirə etmək üçün bu həftə İsrailin baş naziri Binyamin Netanyahu ilə ikinci dəfə görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, görüş Trampın yanvar ayında vəzifəyə başlamasından bəri Netanyahunun ABŞ-a üçüncü səfəri çərçivəsində baş tutub.

Ağ Evdəki Oval kabinetdə Tramp və Netanyahu arasında bağlı qapılar arxasında keçirilən görüşün bir saatdan çox davam etdiyi və Qəzzada atəşkəsə nail olmaq üçün davam edən səyləri əhatə etdiyi bildirilir. "X" hesabında verdiyi açıqlamada Netanyahu Trampla bu həftəki ikinci görüşünün yekunlaşdığını açıqlayıb.

Görüşdə Qəzzada məhbusların azad edilməsi və “HƏMAS-ın hərbi və inzibati imkanlarının aradan qaldırılması”nın müzakirə edildiyini bildirən Netanyahu, İranla baş verənlərin nəticələrinin və bunun gətirə biləcəyi imkanların da müzakirə edildiyini vurğulayıb. Amerikanın “Axios” xəbər platformasının məlumatına görə, Tramp və Netanyahu arasındakı görüşdən əvvəl Qətər rəsmilərindən ibarət bir heyət Ağ Evə gələrək yüksək səviyyəli rəsmilərlə bir neçə saatlıq danışıqlar aparıb.

Baş nazir Netanyahu Vaşinqtondakı təmaslarının ikinci günündə Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən Netanyahu Qəzzada atəşkəs üzərində çalışdıqlarını bildirib: ""Biz vasitəçilərdən gələn təklifi qəbul etdik. Bu, yaxşı təklif idi. Bu, (Trampın Yaxın Şərq üzrə xüsusi elçisi) Stiv Vitkoffun orijinal ideyasına uyğun gəlir və düşünürük ki, buna yaxınlaşırıq. Məqsədimiz növbəti mərhələyə keçməkdir".

Vitkoff dünən atəşkəs danışıqlarında irəliləyiş əldə edildiyini və həftənin sonuna qədər Qəzzada 60 günlük atəşkəslə bağlı razılığın əldə olunacağına ümid etdiyini bildirib.