“İran və İsrail arasında elan olunan atəşkəs hər nə qədər müsbət addım kimi qiymətləndirilsə də onun uzunmüddətli və davamlı olması hələ də ciddi sual altındadır. Hər iki tərəf arasında dərin etimadsızlıq, siyasi və ideoloji ziddiyyətlər bu atəşkəsin həssas və kövrək olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.
Onun sözlərinə görə, əgər bu atəşkəs pozularsa və münaqişə yenidən alovlanarsa, bunun ilk təsiri Yaxın Şərq regionuna olacaq. İranın Livan, Suriya, İraq və Yəməndəki müttəfiqləri vasitəsilə dolayısı ilə müharibə üsullarını aktivləşdirməsi, İsrailin isə bölgədə genişmiqyaslı hərbi əməliyyatlara başlama ehtimalı reallıqdır: "Bu, artıq lokal münaqişə olmaqdan çıxıb regional savaşa çevrilə bilər. Dünya üçün isə bu cür bir qarşıdurma enerji təhlükəsizliyinə və qlobal iqtisadi sabitliyə ciddi təsir göstərə bilər.
Xüsusilə Fars körfəzi bölgəsindəki enerji infrastrukturuna zərbə vurulması neft qiymətlərində kəskin dalğalanmaya səbəb ola bilər. Eyni zamanda, Qərb və regional güclər arasında siyasi gərginlik dərinləşə bilər ki, bu da geosiyasi balansın dəyişməsi ilə nəticələnə bilər. Bu səbəbdən, beynəlxalq ictimaiyyətin vasitəçilik səyləri və diplomatik kanalların açıq qalması olduqca vacibdir. Əks təqdirdə, İran-İsrail münaqişəsi qlobal miqyasda yeni bir qeyri-sabitlik mərhələsinin başlanğıcı ola bilər".