Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları davam edir. Bu gün Bülbül adına orta ixtisas musiqi məktəbində 20, 23, 27, 31, 36 və 73-cü komissiyalar üzrə qabiliyyət imtahanları keçirilir. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, bugünkü imtahanlarda 104 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.
Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahana buraxılış vərəqəsini, proqram formasını, musiqi alətini (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.
İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər buradan qeydiyyatdan keçə bilərlər.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) aşağıdakı cədvəldə verilmiş qrafikə müvafiq olaraq hər imtahandan 5 gün öncə qeydiyyatdan keçdikləri səhifədə imtahana buraxılış vərəqəsini çap etməlidirlər.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) DİM-in saytını mütəmadi izləmək tövsiyə olunur.
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib.