Jurnalistika ixtisasının adının və tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi təklif olunur. SİA xəbər verir ki, bunu Əməkdar jurnalist Qulu Məhərrəmli “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans çərçivəsində baş tutan dəyirmi masada deyib.
Onun sözlərinə görə, Jurnalistika fakültəsinə birinci kursda daxil olan tələbələr, adətən, romantik düşüncələrlə gəlirlər: "Lakin bir müddət sonra anlayırlar ki, bu sahədə romantik yanaşmadan uzaqlaşıb reallıqları obyektiv şəkildə çatdırmaq mümkündür".
Q.Məhərrəmli təklif edib ki, Jurnalistika ixtisasının adı və tədris proqramı müasir tələblərə uyğun şəkildə yenilənməlidir: "Fənlərin hamısına yenidən baxmaq lazımdır. Bu sahənin sürətlə dəyişməsi, rəqəmsal medianın inkişafı və jurnalistdən gözlənilən bacarıqların artması dəyişikliyi zəruri edir".