Demokratik dünyanın və demokratik düşüncəyə sahib insanların kəşf etdikləri, arxasında dayandıqları və inkişafına töhfə verdikləri ən vacib sahələrdən biri də mətbuatdır. Bu sahədə əldə olunan nailiyyətlər xüsusi əhəmiyyət kəsb edir. SİA xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı səsləndirib.
Komitə sədri qeyd edib ki, cəmiyyət inkişaf etdikcə, bu tərəqqi mətbuat sahəsində də özünü göstərir. Mətbuatın yaranması, keçdiyi yol və əldə etdiyi uğurlar barədə danışarkən nəzərə almaq lazımdır ki, əgər müstəqilliyimizin tarixi 100 ildən bir qədər artıqdırsa, mətbuatımızın yaranma tarixi onu da qabaqlayır. Bu baxımdan,müstəqil dövlətlərin qurulması, inkişaf etməsi həm də elə mətbuatın əldə etdiyi nailiyyətdir.
“Azərbaycan mətbuatı özünün ən yüksək inkişaf dövrünü məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində yaşayıb. Ulu Öndərin bu sahədə ən böyük xidmətlərindən biri senzuranın ləğvi olub. Heydər Əliyev hər zaman mətbuatı azad görmək istəyirdi”, - deyə B.Muradova vurğulayıb.