İsrailin Qəzzaya hücumları nəticəsində 15 fələstinli həlak olub

8 İyul 2025 10:57 (UTC+04:00)

İsrail ordusunun səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda aralarında qadın və uşaqların da olduğu 15 fələstinli həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzaya qarşı blokadanı gücləndirərək və humanitar yardımların ölkəyə girişinə mane olmaqla humanitar fəlakətə səbəb olan İsrail, məcburi köçkün fələstinlilərin və mülki şəxslərin çadırlarını hədəfə alıb.

İsrail ordusunun Qəzzanın cənub-qərbindəki Tel əl-Hava məhəlləsində bir evi bombalaması nəticəsində bir körpə və anası da daxil olmaqla dörd fələstinli həlak olub. İsrail ordusunun Qəzzanın mərkəzindəki Deyr əl-Bələh şəhərində "Əbu Əmra" ailəsinin evini hədəfə alması nəticəsində bir fələstinli həlak olub. İsrail ordusunun köçkün fələstinlilərin Bureyc Qaçqınlar Düşərgəsində sığındığı Əbu Halu məktəbini bombalaması nəticəsində çoxlu sayda insan yaralanıb.