Yay aylarında müalicə almaq olar? - HƏKİM AÇIQLADI

8 İyul 2025 10:54 (UTC+04:00)

“Yay aylarında müalicə aparmağın qeyri-məqsədəuyğun olduğu düşüncəsi tibbi baxımdan əsassızdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Cəmiyyətdə formalaşmış “yay aylarında müalicə almaq düzgün deyil” fikri, elmi əsasları olmayan və heç bir tibbi ədəbiyyatda və ya klinik protokollarda yer almayan bir yanlış inanca əsaslanır. Halbuki xəstəliklərin yaranması ilin müəyyən bir fəsli ilə məhdudlaşmır – bu hallar ilin istənilən dövründə baş verə bilər və klinik praktika bunu təsdiqləyir.

Bəzən belə hallara da rast gəlinir ki, insanlar yay aylarında D vitamini qəbul etməməyə üstünlük verirlər. Onlar hesab edirlər ki, günəş şüaları ilə kifayət qədər D vitamini sintez olunur. Lakin bu, yalnız müəyyən şərtlər daxilində – günün konkret saatlarında və bədənin təxminən 60%-i açıq vəziyyətdə günəşə məruz qalması halında mümkündür. Real şəraitdə bu şərtlərin təmin olunması çətin olduğu üçün, əgər orqanizmdə D vitamini səviyyəsi aşağıdırsa, bu vitamin həm yay, həm də qış aylarında əlavə qida əlavəsi kimi qəbul edilməlidir.

İnfeksion proseslərə gəldikdə isə, onların vaxtında müalicə olunmaması ciddi ağırlaşmalara, o cümlədən sepsis (qan zəhərlənməsi) kimi həyati təhlükə yaradan hallara gətirib çıxara bilər. Bu səbəbdən xəstəliyin ilkin və ya gecikmiş mərhələsi yay aylarına təsadüf edirsə belə, müalicə təxirə salınmadan başlanmalıdır. Müalicə üsulları xəstəliyin xarakterindən asılı olaraq medikamentoz, terapevtik və ya cərrahi müdaxilə formasında ola bilər. Lakin burada vacib məqam odur ki, müalicənin aparılıb-aparılmaması qərarı ilin fəslinə əsasən deyil, xəstəliyin təbiətinə və klinik gedişinə əsasən verilməlidir. Nəticə etibarilə, xəstəlik mövcuddursa, onun müalicəsi ilin istənilən dövründə, müvafiq tibbi göstərişlərə əsasən aparılmalıdır. Əks təqdirdə, bu, xəstənin sağlamlığı və həyatı üçün ciddi risklər doğura bilər”.

Ayşən Vəli