Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları təsdiqlənib

7 İyul 2025 16:53 (UTC+04:00)

Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydaları təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla filmlərin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş birbaşa məqbul xərclərin dövlət büdcəsindən Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyinə ayrılan vəsait hesabına qismən geri ödənilmə şəklində maliyyələşdirilməsi və qismən geri ödənilmə ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Bu Qaydalara əsasən həyata keçirilən qismən geri ödənilmələr üçün zəruri vəsait hər ilin dövlət büdcəsində Mədəniyyət Nazirliyinin sifarişi əsasında Agentliyə ayrılacaq.

Qismən geri ödənilmənin şərtlərinə gəlincə, bu qaydalar qanunvericiliyə uyğun olaraq xarici və ya birgə istehsal olunan aşağıdakı audiovizual əsərlərə (bundan sonra – film) şamil edilir:

- film;
- reklam;
- televiziya şouları (xarici ölkələrdə yayımlanacağı halda);
- internet video oyunları.

Qismən geri ödənilmə film istehsalı zamanı filmin istehsalçısının birbaşa məqbul xərclərini əhatə edir. Bu qaydaların məqsədləri üçün film istehsalı dedikdə, filmin çəkilişi (prodakşn) və filmin çəkilişinin tamamlanması (post-prodakşn) mərhələləri başa düşülür.

Qaydalara əsasən filmlərin istehsalı üçün çəkilmiş xərclərin aşağıdakı hissəsi qismən geri ödənilmə qaydasında maliyyələşdirilə bilər:

- bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulmuş əsas şərtlərə cavab verdikdə, filmin istehsalı üçün Azərbaycanda mal, iş və xidmətlərin alınmasına xarici istehsalçı tərəfindən çəkilmiş xərclərin (bundan sonra - çəkilmiş xərclər) 25 faizi məbləğində;
- bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş əlavə mədəniyyət meyarlarının (bundan sonra - əlavə mədəniyyət meyarları) azı üçünə cavab verdikdə, çəkilmiş xərclərin 15 faizi məbləğində.