"İran və İsrail arasında münaqişənin hərbi müstəvidə həlli hələ də mümkün olmayıb. Hərçənd ABŞ, İsrail və İran tərəfləri öz strateji məqsədlərinə müəyyən qədər nail olduqlarını bəyan etsələr də, İranın nüvə proqramı ilə bağlı fundamental məsələlər açıq olaraq qalır. Eyni zamanda, İsrailin milli təhlükəsizliyi kontekstində narahatlıqlar tam şəkildə aradan qaldırılmayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, hazırda ABŞ İranla danışıqlar prosesinə başlamağa təşəbbüs göstərir: "İran bu təşəbbüsə tam razılıq verməsə də müəyyən diplomatik çərçivədə dialoqun baş tutacağı ehtimal edilir. Lakin əsas problem ondan ibarətdir ki, İran ABŞ-ın irəli sürdüyü şərtləri qəbul edəcəkmi? Bu məsələ olduqca mürəkkəb və çoxtərəfli xarakter daşıyır. ABŞ İranın nüvə proqramının tamamilə dayandırılmasını tələb edir. İran isə bu tələbi qətiyyətlə rədd edir və proqramın yalnız dinc və elmi məqsədlərlə davam etdirildiyini bildirir. Bu ziddiyyətlər tərəflər arasında qarşılıqlı etimadın formalaşmasını əngəlləyən əsas amillərdən biri kimi çıxış edir".
Politoloq qeyd edib ki, düşünürəm ki, İran-İsrail müharibəsi ilə bağlı bir razılığa gəlinsə, o zaman savaş ehtimalı azala bilər.