Kimlər qan verə bilməz? - HƏKİM AÇIQLADI

7 İyul 2025 14:18 (UTC+04:00)

“Qan vermək, yəni qan donoru olmaq – yalnız tibbi bir əməliyyat deyil, həm də humanist bir qəhrəmanlıq aktıdır. Bu sadə görünən əməl, bəzən bir neçə insanın həyatını xilas edə biləcək qədər əhəmiyyətli olur. Xüsusilə də cərrahi əməliyyatlardan sonra, qəza və ağır travmalardan əziyyət çəkən xəstələrdə və talassemiya xəstəliyindən əziyyət çəkənlərdə bu cür donor qanlar həyat üçün vazkeçilməz ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib.

Sübhan Hacıyev sözlərinə belə davam edib: “Bu səbəbdən qan verən hər bir şəxs, əslində bir neçə insanın həyatına toxunduğu üçün “qəhrəman” adlandırıla bilər.

Lakin hər kəs qan verə bilməz – əsas tibbi məhdudiyyətlər:

Qan donorluğu üçün uyğun fiziki və tibbi vəziyyətin olması şərtdir. Aşağıdakı qruplar qan verə bilməz və ya müəyyən müddət gözləməlidirlər:

1. Yaş və çəkidən asılı məhdudiyyətlər
• 18 yaşdan aşağı şəxslər (qanuni yetkinlik yaşına çatmamışlar)
• 65 yaşdan yuxarı şəxslər
• 50 kiloqramdan az çəkili şəxslər

2. Kronik və infeksion xəstəliklər

Aşağıdakı xroniki xəstəlikləri olan şəxslər qan verə bilməz:
• Ürək-damar sistemi xəstəlikləri
• Ürək çatışmazlığı
• Qaraciyər çatışmazlığı
• Virus mənşəli Hepatit B və C,
• HIV/AIDS (İİV),
• Sifilis və digər ağır bakterial infeksiyalar

3. İnfeksion xəstəliklərdən sonra gözləmə müddəti
• Akut respirator infeksiyalar (soyuqdəymə, qrip və s.) və digər virus/bakterial infeksiyalar zamanı qan vermək olmaz.
• Tam sağaldıqdan sonra ən azı 2 həftə gözləmə tövsiyə olunur.

4. Cərrahi əməliyyatlar
• Son 6 ay ərzində cərrahi əməliyyat keçirmiş şəxslər qan verə bilməz.

5. Hamiləlik və doğuş dövrü
• Hamilə qadınlar və
• Yeni doğuş etmiş analar (ilk 6 ayda) qan donoru ola bilməzlər.

6. Narkotik və psixotrop maddə istifadəsi
• Narkotik vasitələrdən istifadə edən şəxslər (istər qeyri-qanuni, istərsə də müalicə məqsədli istifadə olsun) qan verməməlidirlər.

Qan donorluğu həm insanlıq borcudur, həm də ciddi tibbi məsuliyyət tələb edən bir prosesdir. Doğru şəxs və doğru zaman seçilərsə, bu addım bir neçə həyatı xilas edə bilər. Lakin tibbi məhdudiyyətlərə əməl etmək, həm donorun, həm də qanın veriləcəyi şəxsin sağlamlığı üçün vacibdir”.

Ayşən Vəli