“Orta məktəblərdə şagirdlərin il ərzində topladığı qiymətlərlə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nəticələr arasında müşahidə olunan kəskin fərqlər, təhsil sistemində qiymətləndirmənin real vəziyyətini ciddi şəkildə təhlil etməyi zəruri edir. Ən aktual müşahidələr göstərir ki, məktəbdə bütün fənlərdən “əla” qiymət almış bir şagirdin qəbul imtahanında 100–150 bal toplaması və ya məktəbdə “orta” qiymətlərlə oxuyan digər şagirdin 600–650 bal toplaması artıq təsadüf yox, sistemli bir uyğunsuzluğun göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: “Bu fərqin yaranmasının əsas səbəbi, ilk növbədə, məktəbdaxili qiymətləndirmənin subyektiv və formal olmasıdır. Mövcud təcrübədə müəllimlər şagirdə həm gündəlik, həm də summativ qiymətləri yazarkən əsasən şəxsi yanaşmalarına, valideynlə münasibətlərə və ya məktəbdaxili göstərişlərə əsaslanır. Qiymətləndirmədə əsas hədəf “şagirdi razı salmaq” olduğu üçün real bilik, bacarıq və təfəkkür yox, yalnız formallıq əsas götürülür. Bu zaman şagirdin qiyməti bilik göstəricisi olmaqdan çıxır və sosial münasibətlərin nəticəsinə çevrilir.
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, qiymətləndirmə təhsilin keyfiyyətinə dair informasiyanın əldə olunmasına və şagirdin inkişafının stimullaşdırılmasına xidmət etməlidir. Amma bu prinsip məktəblərin əksəriyyətində kağız üzərində qalır. Qiymətləndirmə obyektiv deyil və DİM imtahanları zamanı bu reallıq üzə çıxır. Dövlət İmtahan Mərkəzinin 2024-cü il üzrə statistikasına əsasən, buraxılış imtahanlarında iştirak edən 11-ci sinif şagirdlərinin yalnız 36%-i 200 baldan yuxarı nəticə göstərib. Lakin həmin şagirdlərin 70%-nin attestatında orta qiymətlər “4” və “5” olub. Bu fərq təkcə təhsildə çatışmazlıq deyil, eyni zamanda sistemə olan ictimai etimadın zəifləməsi deməkdir.
Bu fərqin yaranmasına səbəb olan digər ciddi amil məktəblərdə “şirinlik” və ya “xahişlə qiymət düzəltmə” praktikasının hələ də davam etməsidir. Bəzi hallarda şagirdin attestatına “5” yazılması üçün direktor və ya müəllim səviyyəsində valideyndən qeyri-rəsmi ödəniş tələb olunur. Bu isə artıq təkcə etik yox, hüquqi pozuntudur və Cinayət Məcəlləsinin 311-ci maddəsi – rüşvət alma cinayəti ilə əhatə olunur. Təəssüf ki, bu sahədə effektiv nəzarət mexanizmi yoxdur, çünki məktəbdə qiymət yazan müəllimi qiymətləndirən sistemin özü də daxili nəzarətdən azaddır.
Müsbət tərəf isə ondan ibarətdir ki, DİM tərəfindən keçirilən qəbul imtahanları obyektivlik baxımından müəyyən etimad doğurur və real bilik səviyyəsini üzə çıxarmağa imkan verir. İmtahanlar vahid model üzrə aparıldığından ölkə üzrə şagirdlərin bilikləri eyni meyarlarla ölçülür. Lakin bu mexanizm yalnız imtahana hazırlaşanları qiymətləndirir, gündəlik dərsdə öyrənənləri isə çox zaman əhatə etmir. Bunun nəticəsində məktəb tədris mərkəzi olmaq əvəzinə sadəcə imtahana hazırlıq mərhələsinə çevrilir.
Dünya təcrübəsində məktəb qiymətləndirməsi ilə qəbul imtahanları arasında bu qədər kəskin fərq müşahidə olunmur. Məsələn, Finlandiyada məktəbdaxili qiymətləndirmə müəllimlərin peşəkar müstəqilliyinə əsaslansa da, bu qiymətlər ciddi nəzarət mexanizmi ilə müşayiət olunur və real fəaliyyətə əsaslanır. ABŞ-da isə “GPA” (orta akademik göstərici) ali məktəbə qəbulda əsas amillərdən biridir və bu göstəricinin etibarlılığı məktəb daxilində tətbiq olunan sərt etika və nəzarət qaydaları ilə qorunur. Eyni zamanda, SAT və ACT kimi qəbul testləri də əlavə kriteriya kimi istifadə olunur, lakin onlar məktəbdəki qiymətləri kölgədə qoymur, əksinə tamamlayıcı rol oynayır.
Azərbaycanda bu problemi həll etmək üçün məktəbdə qiymətləndirmə mexanizmi köklü şəkildə dəyişdirilməlidir. Qiymətləndirmə tam elektronlaşdırılmalı, müəllimin verdiyi qiymətlərlə DİM-in verdiyi nəticələr arasında fərq olduqda sistem avtomatik olaraq xəbərdarlıq siqnalı verməlidir. Attestat qiymətləri yalnız məktəbdə verilən “5” üzərində yox, həm də buraxılış imtahanının nəticəsi ilə orta statistik əsasda hesablanmalıdır. Bu zaman attestatın etibarlılığı artır, qiymət manipulyasiyası aradan qalxar və məktəb qiymətləndirməsi yenidən nüfuz qazanmış olar.
Əgər bu dəyişikliklər aparılmazsa, təhsildə qiymət anlayışı real biliyin yox, sosial münasibətlərin göstəricisinə çevriləcək və bunun nəticəsində gələcəkdə işəgötürənlər, universitetlər və beynəlxalq qurumlar attestatlara deyil, əlavə sənədlərə, kurslara və şərti göstəricilərə üstünlük verəcək. Bu isə dövlət təhsil sisteminin öz sənədinə öz inamını itirməsi deməkdir. Təhsildə etibar, ədalət və şəffaflıq bərpa olunmadıqca, qiymətləndirmə yox, saxtalaşdırma vasitəsinə çevriləcək. Bu prosesi dayandırmaq üçün təkcə qanun yox, real tətbiq və ictimai nəzarət mexanizmləri işə salınmalıdır”.
Ayşən Vəli