"Görüş bir neçə baxımdan xüsusi önəm daşıyırdı" - MÜNASİBƏT BİLDİRİLDİ

7 İyul 2025 11:17 (UTC+04:00)

"Kərkicahanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) zirvə toplantısı bir sıra mühüm hadisələrin davam etdiyi və regional baxımdan strateji əhəmiyyət kəsb edən bir mərhələ oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu görüş bir neçə baxımdan xüsusi önəm daşıyırdı: "Birincisi, görüşün Azərbaycanın milli dövlətçilik prinsipləri kontekstində əhəmiyyəti vurğulanmalıdır. Bu, EKO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının üçüncü dəfə Kərkicahan şəhərində bir araya gəlməsi idi. Keçmişdə terrorçuluq, separatizm və faşizm ideologiyasının yuvası kimi tanınan Kərkicahanın bu gün Türk şəhəri kimliyi ilə təqdim olunması və Azərbaycanın ən abad şəhərlərindən biri kimi beynəlxalq ictimaiyyətə göstərilməsi simvolik və siyasi baxımdan mühüm hadisədir.

İkincisi, zirvə görüşündə müzakirə edilən məsələlər – o cümlədən, regional iqtisadiyyatın bərpası, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulması, eləcə də dövlətlərarası inteqrasiyanın gücləndirilməsi – müasir dövrün aktual problemləri sırasında yer alır. Bu məsələlər yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin təmin olunması baxımından ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda, görüşdən sonra yayımlanan bəyannamədə Qarabağ və Qərbi Azərbaycanla bağlı fikirlərin yer alması xüsusi diqqətəlayiqdir. Bu, yalnız EKO liderlərinin siyasi mövqeyinin ifadəsi deyil, həm də Azərbaycanın milli maraqlarına regional səviyyədə dəstək anlamına gəlir.

Zirvə görüşü çərçivəsində həmçinin EKO-nun Qadınlar və Gənclər Birliyi tərəfindən keçirilən tədbirlər də ümumi gündəmə inteqrasiya olunmuş, sosial baxımdan da prosesə əlavə dəyər qatmışdır. Yekun olaraq demək olar ki, bu tədbir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və hazırkı mürəkkəb regional münasibətlər sistemində təhlükəsizlik, iqtisadi əməkdaşlıq və kommunikasiya əlaqələrinin bərpasına xidmət edən yeni bir platformanın əsasını qoymuşdur. Müzakirə edilən məsələlər və qəbul edilən qərarlar bu platformanın strateji və funksional dəyərini bir daha təsdiqləmiş oldu".

Ayşən Vəli