"Texnologiyanın təsiri onun necə istifadə olunmasından asılıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

7 İyul 2025 11:10 (UTC+04:00)

"Texnologiyanın sürətli inkişafı bir çox insanın ağlında sual doğurur: bu inkişaf yaradıcı təfəkkürü zəiflədir, yoxsa əksinə, ona yeni qapılar açır? Bu sual ətrafında aparılan elmi tədqiqatlar və müşahidələr göstərir ki, texnologiya həm risklər, həm də imkanlarla müşayiət olunur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, texnologiya insanın gündəlik həyatını asanlaşdırmaqla yanaşı, yaradıcı potensialını ifadə etməsi üçün də geniş imkanlar yaradır. Məsələn, süni intellekt, rəqəmsal dizayn proqramları, interaktiv platformalar və sosial media yaradıcılığın sərhədlərini genişləndirir. Bu gün bir şəxs öz ideyasını qısa müddətdə rəqəmsal məhsula çevirə, onu dünya ilə paylaşa bilir. Bu, ötən əsrin insanları üçün mümkün olmayan bir fürsətdir: "Lakin texnologiyanın başqa bir tərəfi də var. Həddindən artıq asanlaşdırılmış və avtomatlaşdırılmış mühit insanın öz təxəyyülünü işə salma ehtiyacını azalda bilər. İnsanlar getdikcə daha çox hazır alqoritmlərə, süni intellektin təqdim etdiyi həllərə güvənir və bu da onların beyin aktivliyinin, özəlliklə də yaradıcı fəaliyyətin passivləşməsinə səbəb ola bilər. Beləliklə, texnologiyanın təsiri onun necə istifadə olunmasından asılıdır. Əgər texnologiya bir vasitə kimi yaradıcı düşüncəni dəstəkləmək üçün istifadə olunursa, bu zaman o, birmənalı şəkildə yeni imkanlar açır. Lakin texnologiyadan yalnız istehlak məqsədilə istifadə olunursa, bu zaman insanın yaradıcı təfəkkürü tədricən zəifləyə bilər. Əsas məsələ balansı tapmaqdır – texnologiyanı passiv istehlak etmədən, onu yaradıcı alətə çevirmək. Gənclərə və uşaqlara bu yöndə istiqamət vermək isə psixoloqların, pedaqoqların və ailələrin əsas vəzifələrindən biridir".