"Ailə dəyərlərinin dəyişməsi cəmiyyətin əsas dayaqlarını zəiflədə bilər" - PSİXOLOQ ŞƏRH ETDİ

7 İyul 2025 11:00 (UTC+04:00)

“Ailə dəyərləri əsrlər boyu cəmiyyətin ən əsas sütunlarından biri olub. Onlar yalnız fərdlərin davranışlarına deyil, bütöv cəmiyyətin mənəvi və sosial strukturuna yön verən əsas prinsiplər kimi çıxış edir. Lakin müasir dövrdə qloballaşma, texnologiyanın sürətli inkişafı, şəhərləşmə və gender rollarının dəyişməsi kimi faktorlar ailə institutuna və onun dəyərlərinə ciddi təsir göstərməkdədir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər təbii proses kimi qiymətləndirilsə də, onun nəticələri kompleks və çoxşaxəlidir: "Əvvəllər ailə daha çox patriarxal və kollektiv məsuliyyətə əsaslanan bir qurum idi. Valideynlərin qərarları daha çox ön planda olur, nəsillərarası əlaqələr və qarşılıqlı asılılıq güclü olurdu. Bu, həm təhlükəsizlik hissi yaradırdı, həm də ailə üzvləri arasında möhkəm bağlar formalaşdırırdı. Lakin müasir dövrdə fərdiyyətçiliyin artması və şəxsi azadlıqlara daha çox önəm verilməsi ailənin strukturunda və funksiyalarında ciddi dəyişikliklərə səbəb olub. Artıq gənc nəsil evliliyə tələsmir, uzunmüddətli münasibətləri düşünərək addım atır, həmçinin bir çox hallarda ailə həyatı qurmaqdan imtina edir. Bu dəyişikliklər bir tərəfdən də pozitiv tendensiyalara yol açır. Belə ki, ailədaxili münasibətlər daha sağlam emosional bağlara əsaslana bilir. Qadınların iqtisadi və sosial həyatda daha fəal rol alması onların yalnız ana və evdar qadın funksiyası ilə məhdudlaşmadığını göstərir. Valideynlik anlayışı da dəyişir — artıq uşaqların tərbiyəsində demokratik yanaşmalar, dialoq əsaslı ünsiyyət, emosional dəstək daha önəmlidir. Bu isə uşaqların psixoloji inkişafına müsbət təsir göstərir. Lakin eyni zamanda bir sıra narahatlıq doğuran tendensiyalar da mövcuddur. Boşanma hallarının artması, ailədaxili zorakılıqların kəskinləşməsi, valideyn himayəsindən uzaq böyüyən uşaqların sayının çoxalması cəmiyyət üçün ciddi psixoloji və sosial problemlər yaradır. Bu hallarda uşaqlar özlərini yalnız, emosional baxımdan dəstəksiz hiss edir, bu da onların gələcək həyatına neqativ təsir edə bilər. Ailənin zəifləməsi həm də yaşlı nəslin laqeyd münasibətə məruz qalması, nəsillərarası əlaqələrin qırılması ilə nəticələnir.

Nəticə etibarilə demək olar ki, ailə dəyərlərinin dəyişməsi qaçılmazdır və bu dəyişikliklər həm müasir insanın ehtiyaclarının cavablandırılması, həm də cəmiyyətin dinamikasına uyğunlaşması baxımından vacibdir. Lakin bu dəyişikliklər balanslı və düşünülmüş şəkildə baş verməlidir. Sosial institutlar — məktəb, media, dövlət və qeyri-hökumət təşkilatları ailə institutunun gücləndirilməsi və onun müasir şəraitə uyğunlaşdırılması üçün aktiv rol oynamalıdır. Əgər bu məsələyə diqqətlə yanaşılarsa, dəyişən ailə dəyərləri cəmiyyətin inkişafına, daha sağlam və tolerant nəsillərin formalaşmasına təkan verə bilər".