Rusiyanın İsveçdəki ticarət nümayəndəliyinə növbəti hücum edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın teleqram kanalında yerləşdirilən məlumatda qeyd olunub.
Əraziyə pilotsuz uçuş aparatından boya paketi atılıb. "İyulun 5-də saat 03:30 radələrində Rusiyanın İsveçdəki ticarət nümayəndəliyi yenidən dronla hücuma məruz qalıb.
Sonuncu belə hücum iyunun 17-də baş vermişdi", - məlumatda bildirilib. Səfirlikdən qeyd ediblər ki, Rusiyanın səfirliyinə və ticarət nümayəndəliyinə bu cür hücumlar bir ildən çoxdur davam edir: “Dəfələrlə İsveç polisi və İsveç Xarici İşlər Nazirliyinə bu cür hücumların qarşısını almaq ilə bağlı müraciət etmişik.
Gördüyümüz kimi, nəticələr hələ də yoxdur. Burada qanunauyğun sual yaranır: İsveç hakimiyyəti bu hadisələri araşdıra bilmir, yoxsa araşdırmaq istəmir ya da diplomatik nümayəndəliklərin müdafiəsini təmin etmək istəmir?”.
Bildirilib ki, səfirlik bu cür hücumlarının tam araşdırılmasını, bu aksiyaların təşəbbüskarlarının və icraçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmasını, gələcəkdə bu cür hücumların qarşısının alınmasını tələb edir.
“Stokholm başa düşməlidirlər ki, İsveç hakimiyyəti bu vəziyyətin inkişafı üçün tam məsuliyyət daşıyır", - məlumatda vurğulanıb.