Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi növbəti yarışlarda daha yaxşı çıxış etməyə və Avropa çempionatına vəsiqə qazanmağa çalışacaq. SİA xəbər verir ki, bu barədə yığma üzvü İbrahim Məmmədov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatındakı çıxışları ilə bağlı fikirlərini bölüşüb:
"Qrup mərhələsini ikinci pillədə tamamladıq. Pley-offda Litva millisinə qalib gəldik. 1/4 finalda isə ev sahibi Latviya yığmasına məğlub olduq. Turnir Avropa çempionatına vəsiqə qazandırırdı. Çox istərdik ki, biz də ilk üç pillədə yer alaq və qitə birinciliyində ölkəmizi təmsil edək. Çalışacağıq ki, növbəti yarışlarda daha yaxşı çıxış edək və Avropa çempionatına vəsiqə qazanaq”.
Millinin digər üzvü Muhəmməd Aslanlı turnirin onlar üçün uğurlu keçdiyini söyləyib:
"EEVZA çempionatlarında çox təcrübəli və güclü komandalar iştirak edir. Biz də əlimizdən gələni etdik. Biz də mükafatçılar sırasında olmaq istərdik. İnanıram ki, növbəti yarışlarda daha yüksək nəticələr əldə edəcəyik. Çünki bu gün bizim təcrübəli məşqçimiz və çox gözəl kollektivimiz var.”
Qeyd edək ki, Azərbaycanın U-18 millisi EEVZA çempionatında beşinci yeri tutub.