Avropa Parlamentində korrupsiya qalmaqalı böyüyür

4 İyul 2025 12:37 (UTC+04:00)

“4 milyard avroluq peyvənd qalmaqalı, şübhəli mesajlaşmalar Ursula Fon der Lyayenin sonunu gətirir”

“Ursula Fon der Lyayenin siyasi koryerası deyəsən uzun çəkməyəcək. Artıq qurum daxilində bu alman siyasətçi əleyhinə güclü etirazlar baş qaldırıb. Son olaraq rumıniyalı deputat Qeorqe Piperea və sağ partiyalardan olan digər deputatlar daha kəskin ittihamlar irəli sürürlər. Həttda onlar Komissiyanı koronavirus böhranı dövründə Ursula Fon der Lyayen ilə ABŞ-ın "Pfizer" şirkətinin rəhbəri arasında aparılmış mesajlaşma ilə bağlı məlumatları bu günədək açıqlamamaqda ittiham edirlər.
Bundan əlavə, təxminən 4 milyard avro dəyərində peyvəndlərin istifadəsiz qalması ilə bağlı məsələ də yenidən müzakirə masasına qaytarılır. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq şəxsən Avropa Komissiyasının rəhbəri kimi bu xanım siyasətçi ciddi hədəf taxtasındadır.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, zaman-zaman Avropa Komissiyası daxilində, habelə Avropa parlamentində böyük çirkli pullar müqabilində sifarişli layihə və qararların qəbulu barədə ittihamlar səsləndirilir ki, bu da özünü şəffaf elan etmiş bir siyasi qurum üçün ciddi nüfuzdan düşmə və etibarsızlıq faktıdır. “Diqqət edin: yenicə daha bir başqa qalmaqal Avropa Parlamentinin başının üstgünü alıb. Avropa Parlamentində radikal sağ qüvvələri birləşdirən sabiq “İdentiklik və Demokratiya” (ID) fraksiyasının parlament tərəfindən həvalə edilmiş milyonlarla avroluq vəsaiti qanunsuz şəkildə xərclədiyi iddiası yeni qalmaqala səbəb olub. Beynəlxalq araşdırma qrupu tərəfindən əldə edilən 29 səhifəlik hesabatda ID fraksiyasının 2019–2024-cü illərdə Avropa Parlamentindən aldığı 4,3 milyon avroluq vəsaiti hüquqazidd şəkildə istifadə etdiyi qeyd olunub. Artıq açıqca görünür ki, bu qurum daxilindəki korrupsiya və hüquqazidd əməllər elə ayrı-ayrı fraksiyalar tərəfindən ifşa olunur. Nüfuzu və imici ciddi şəkildə zədələnmiş bir qurumda ciddi dəyişikliklər ediləcəyi, xüsusilə Ursula Fon der Lyayenin postundan uzaqlaşacağı qaçılmaz reallqıdır”.