Almaniyanın Hesablama Palatası hökumətin kibertəhlükəsizlik strategiyasını tənqid edib

4 İyul 2025 02:03 (UTC+04:00)

Almaniyanın Hesablama Palatası federal hökumətin informasiya texnologiyaları infrastrukturunda ciddi təhlükəsizlik boşluqları olduğunu açıqlayıb. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Büdcə Komitəsinə təqdim olunan hesabatda dövlətin məlumat mərkəzləri və şəbəkələrinin müasir kibertəhdidlərə qarşı kifayət qədər qorunmadığı qeyd edilib.

Bildirilib ki, federal hökumətə məxsus 100-dən çox məlumat mərkəzindən cəmi 10 faizi minimum təhlükəsizlik standartlarına cavab verir. Bir çox qurumlarda fövqəladə hallar üçün ehtiyat enerji sistemi və coğrafi ehtiyat nüsxələmə imkanları mövcud deyil. Bu isə sosial təminat kimi əsas dövlət xidmətlərinin davamlılığına təhlükə yaradır.

Sənəddə kibertəhlükəsizlik sahəsində məsuliyyət daşıyan dövlət qurumlarının sayının çoxluğu (77), onların arasında əməkdaşlığın zəif olduğu və fəaliyyətin səmərəli koordinasiya edilmədiyi vurğulanıb, Milli Kibermüdafiə Mərkəzinin fəaliyyətinin effektiv olmadığı bildirilib.

Bundan başqa, 2021-ci ildə qəbul edilmiş, sonradan yenilənmiş kibertəhlükəsizlik strategiyasının da səmərəsiz olduğu qeyd edilib, həmin sənədin hazırlanması zamanı mövcud problemlərin və resurs ehtiyacının kifayət qədər nəzərə alınmadığı vurğulanıb.

Palata hökumətə çağırış edərək təhlükəsizlik strukturunun yenidən nəzərdən keçirilməsini, idarəetmənin mərkəzləşdirilməsini və xərclərə nəzarətin gücləndirilməsini tövsiyə edib.

Yeni hökumətin tərkibində kibertəhlükəsizliyə həm Daxili İşlər Nazirliyi (BMI), həm də Rəqəmsal İşlər Nazirliyi (BMDS) məsuliyyət daşıyır. Aidiyyəti qurumlar Hesablama Palatasının tənqidlərini qəbul etsələr də, məsuliyyət bölgüsündə Avropa İttifaqı çərçivəsindəki tənzimləmələrə istinad ediblər.