Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, oktyabrın 4-də keçiriləcək yerli seçkilərdə (bələdiyyə seçkiləri) iştirakla bağlı qeydiyyat başlayıb. Seçkilərdə iştirak etmək üçün artıq iki partiya qeydiyyatdan keçib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hazırda Gürcüstanın MSK-sı 2024-cü il parlament seçkilərində iştirak etməyən partiyaların qeydiyyatını aparır. Qeydiyyat iyulun 14-dək davam edəcək.
Bildirilir ki, “Mühafizəkar Gürcüstan” və “Dil, Vətən, İnam” partiyaları artıq qeydiyyatdan keçib.
Parlament seçkilərində iştirak etmiş və ya parlamentdə nümayəndəsi olan partiyalar seçkilərə 57 gün qalmış qeydiyyatdan keçə biləcəklər.
Hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası seçkilərdə iştirak etmək niyyətindədir. Müxalifət partiyalarından “Gürcüstan naminə Lelo”, “Gürcüstan naminə”, “Yeni Siyasi Mərkəz – Qırçı” partiyaları da seçkilərdə iştirak edəcəklərini təsdiqləyiblər.
“Azadlıq Meydanı”, “Avropa Gürcüstanı”, “Vahid Milli Hərəkat”, “Strategiya Aqmaşenebeli”, “Axali, Girçi - Daha Azadlıq”, “Droa” və “Federalistlər” partiyaları isə seçkilərdə iştirak etməyəcəklərini bildiriblər.