Qətərin paytaxtı Doha 17 yaşadək oğlanlar arasında voleybol üzrə ikinci dünya çempionatına ev sahibliyi edəcək. Beynəlxalq yarış gələn il avqustun 19-dan 29-dək keçiriləcək. SİA Beynəlxalq Voleybol Federasiyasının (FIVB) saytına istinadla xəbər verir ki, Qətərin və Qərbi Asiya Voleybol Federasiyalarının prezidenti Əli Qanim əl-Kuvari bu qərardan qürur duyduğunu ifadə edib, tədbirin yüksək səviyyədə təşkili üçün bütün əlaqədar qurumlarla koordinasiyalı şəkildə ciddi hazırlıqlara başlayacaqlarını bildirib.
Bundan başqa, Beynəlxalq Voleybol Federasiyasının məlumatında bildirilir ki, 17 yaşadək qızlar arasında voleybol üzrə ikinci dünya çempionatı gələn il avqustun 5-dən 15-dək Çilinin paytaxtı Santiaqoda baş tutacaq.
Voleybol üzrə U-17 dünya çempionatı ilk dəfə 2024-cü ildə keçirilib və bu zaman qızların yarışına Perunun Lima, oğlanların turnirinə isə Bolqarıstanın Sofiya şəhəri ev sahibliyi edib. Qaliblər, müvafiq olaraq, Çin və İtaliya yığmaları olub.
Dünya çempionatının formatında dəyişiklik edilib. Belə ki, artıq hər iki turnirdə 16 yox, 24 komanda iştirak edəcək. Bu dəyişiklik yarışın formatını FIVB-nin U-19 və U-21 dünya çempionatlarının formatına uyğunlaşdırmaq məqsədi daşıyır. Həmçinin 2026-cı ildən etibarən komandalar yarışda heyətlərində maksimum 14 oyunçu ilə iştirak edə biləcəklər.