Boğulma hallarının qarşısını necə almaq olar? - EKSPERT AÇIQLADI

3 İyul 2025 16:07 (UTC+04:00)

"Çimərliyə gedərkən ilk növbədə təhlükəsizlik məsələsi ön planda olmalıdır. Əvvəlcə düzgün və rəsmi şəkildə fəaliyyətinə icazə verilmiş çimərlikləri seçmək vacibdir. Yalnız fəaliyyətinə icazə verilmiş çimərliklərdə dənizə girmək tövsiyə olunur". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib.

Onun sözlərinə görə, bu çimərliklər mövsüm başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən müvafiq yoxlamalardan keçirilir: "Su nümunələrinin fiziki, kimyəvi, bioloji və bakterioloji göstəriciləri araşdırılır. Əgər insanların sağlamlığı üçün təhlükə riski yaranarsa, bu barədə tədbir görülür. Eyni zamanda sualtı ərazi – akvatoriya da dərinlik baxımından öyrənilir, təhlükəli yarğanlar, axınlar və digər risk faktorları nəzərdən keçirilir. Yalnız bu yoxlamalardan sonra həmin ərazidə çimərlik fəaliyyətinə icazə verilir.

Əksinə, fəaliyyətinə icazə verilməyən çimərliklərdə bu cür nəzarət və yoxlamalar aparılmadığı üçün orada insanların həyat və sağlamlığı üçün təhlükə riski daha yüksəkdir. Buna görə də hər kəsin mütləq şəkildə yalnız rəsmi olaraq təsdiqlənmiş və icazə verilmiş çimərliklərdən istifadə etməsi tövsiyə olunur.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, fəaliyyətinə rəsmi icazə verilmiş çimərliklərdə xilasetmə xidməti mövcuddur və bu ərazilər mütəmadi olaraq nəzarətdə saxlanılır. Hər il çimərlik mövsümündə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti bu obyektlərdə fəaliyyət göstərir. Xidmətin əməkdaşları tərəfindən hər mövsüm ərzində yüzlərlə insan boğulma təhlükəsindən xilas olunur".

Ekspert bildirib ki, bu fakt bir daha göstərir ki, yalnız rəsmi icazəli və xilasetmə xidməti olan çimərliklərdə dincəlmək təhlükəsizlik baxımından son dərəcə önəmlidir: "Üstəlik, rəsmi statistikaya əsasən, nəzarət olunan çimərliklərdə — həm ötən il, həm də əvvəlki illərdə — bir nəfər belə boğulma hadisəsi qeydə alınmamışdır. Bu rəqəmlər və faktlar onu deməyə əsas verir ki, insanlar mütləq şəkildə yalnız fəaliyyətinə icazə verilmiş və xilasetmə xidməti olan çimərliklərə üz tutmalıdırlar. Digər mühüm məsələ çimərlikdə ümumi davranış və təhlükəsizlik qaydalarına ciddi riayət olunmasıdır. Çimərlik ərazisində yerləşdirilmiş məhdudlaşdırıcı və xəbərdaredici nişanların tələblərinə əməl etmək vacibdir. Müəyyən olunmuş sərhəddən kənarda, xüsusilə daha dərin məsafələrdə üzmək, çimərlik ərazisini yarış meydançasına çevirmək yolverilməzdir. Spirtli içki qəbul edərək suya girmək və ya qaranlıq saatlarda dənizə daxil olmaq təhlükəlidir və qəti şəkildə qadağandır. Bundan əlavə, özü ilə yüksək həcmli üzmə vasitələri — motorlu qayıq, çərpələng və ya digər bu tipli vasitələr gətirərək suya daxil olmaq yolverilməz sayılır.

Uşaqlar heç bir halda nəzarətsiz buraxılmamalı, onlar daim valideyn və ya böyüklərin müşayiəti ilə suya daxil olmalıdırlar. Eyni zamanda, suda lüzumsuz və nəzarətsiz hərəkətlərə yol vermək, suya qayalıq, daş və ya dəmir konstruksiyalar üzərindən tullanmaq ciddi təhlükə yaradır və bu cür davranışlardan mütləq çəkinmək lazımdır"- deyə o əlavə edib.