Günay Əfəndiyeva “Özbəkistanın Mədəniyyət Elçisi” ünvanı və medalı ilə təltif edilib - FOTO

3 İyul 2025 14:24 (UTC+04:00)

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva “Özbəkistanın Mədəniyyət Elçisi” ünvanı və medalı ilə təltif olunub. SİA xəbər verir ki, fəxri mükafatı Günay Əfəndiyevaya Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov təqdim edib.

Nazir Ozodbek Nazarbekov, Özbəkistan Prezidentinin tapşırığı əsasında özbək mədəniyyətinin tanıdılması və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin mütəmadi olaraq dəstəkləndiyini və qiymətləndirildiyini bildirib. Nazir Günay Əfəndiyevanın Özbəkistanın zəngin tarixi və mədəni irsinin təbliği sahəsində göstərdiyi xidmətlərin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Günay Əfəndiyeva göstərilən etimada və yüksək dəyərləndirməyə görə təşəkkürünü ifadə edib. Millət vəkili ölkələrimizin inteqrasiyasına və mədəni mübadiləsinin daha da möhkəmlənməsinə dəstək verməyə hər zaman hazır olduğunu vurğulayıb. Eyni zamanda görüşdə əlamətdar hadisə kimi bu il Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunmasına diqqət çəkilib.

Görüş mədəni əlaqələrin daha da genişlənməsi yönündə gələcək birgə əməkdaşlığın perspektivlərinə dair müzakirələrlə davam edib.