Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) SİA-ya bildirilib ki, tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib.
Yol Polisi Xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb.
Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına təşəkkürünü bildirib.
DYP vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı tövsiyə edir.