“Yekaterinburqda baş verən hadisə hər bir azərbaycanlını narahat edir” - POLİTOLOQ ŞƏRH ETDİ

3 İyul 2025 12:04 (UTC+04:00)

"Rusiyanın Yekaterinburq şəhərində yaşayan Səfərovlar ailəsi ilə bağlı baş verən hadisələr Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurub. Bu cür yanaşma, xüsusilə hüquq-mühafizə orqanlarının ailəyə qarşı göstərdiyi münasibət nə hüquqi çərçivədə, nə də Rusiya–Azərbaycan əlaqələrinin ruhuna uyğun hesab oluna bilməz". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti və ictimaiyyəti bu məsələyə prinsipial və qəti mövqe sərgiləyib:“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının bir vətəni var – o da Azərbaycandır. Dövlətimiz daim öz vətəndaşlarının və soydaşlarının yanında olub, onların hüquqlarının qorunmasını özünün əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu hadisə də bir daha sübut etdi ki, Azərbaycan dövləti xaricdə yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.

Rusiya tərəfi Azərbaycanın narahatlığını diqqətə almalı və baş vermiş hadisəyə hüquqi və obyektiv yanaşmalıdır. Hüquq baxımından yanaşdıqda, burada təqsirsizlik prezumpsiyası prinsipi əsas götürülməlidir. Bu prinsipə görə, yalnız məhkəmə qərarı ilə və müvafiq hüquqi prosedurlar nəticəsində bir şəxs təqsirli sayıla bilər. Əks halda, ona qarşı irəli sürülən ittihamlar hüquqi əsas daşımır. Təqsirsizlik prezumpsiyası beynəlxalq sənədlərlə təsdiqlənmiş fundamental hüquq prinsipidir və bu yanaşma Rusiya qanunvericiliyində də öz əksini tapıb.

Rusiya rəsmiləri dəfələrlə Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər. Bu niyyətin söz olaraq deyil, əməli addımlarla da təsdiqlənməsi vacibdir. Soydaşlarımıza qarşı baş verən son hadisələr müvafiq qurumlar tərəfindən dərindən araşdırılmalı, qanun pozuntusuna yol verən şəxslər barəsində lazımi hüquqi tədbirlər görülməlidir. Bu məsələ yalnız insani deyil, həm də iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır və onların əksəriyyəti Rusiya vətəndaşı olmaqla yanaşı, ölkənin iqtisadiyyatına da mühüm töhfələr verirlər. Bu amili nəzərə alaraq, Rusiya tərəfi həm Azərbaycan dövlətinin, həm də orada yaşayan soydaşlarımızın haqlı narahatlıqlarını nəzərə almalı və bu istiqamətdə ciddi addımlar atmalıdır".