"Liverpul” rəhbərliyi Kolumbiya millisinin və komandanın əsas cinah oyunçularından biri olan Luis Diasın transferinə dair “Bavariya”nın rəsmi təklifini rədd edib. SİA xəbər verir ki, Bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb. Mənbənin yazdığına görə, Münhen klubu yaxın günlərdə Dias üçün rəsmi təklif göndərib və futbolçunun Almaniya çempionuna keçməyə hazır olduğu bildirilir. Lakin “Liverpul” rəhbərliyi kolumbiyalı oyunçunu komandada saxlamaq istəyir və təklifi qəbul etməyib. Premyer Liqanın son çempionu olan “Liverpul”un planlarına əsasən, 28 yaşlı vinger yeni mövsümdə də əsas heyətin vacib fiqurlarından biri olacaq. Futbolçuyla həmçinin Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu da maraqlanır. Bu klub hələ rəsmi təklif göndərməsə də, “Liverpul”un qərarını dəyişmək üçün kifayət qədər cazibədar maliyyə paketi təqdim etməlidir.
Qeyd edək ki, ötən mövsüm Luis Dias 50 oyunda iştirak edərək 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.