Türkiyənin tanınmış televiziya prodüseri və media maqnatı Acun Ilıcalı ilk dəfə məhkəmə qarşısına çıxıb. O, qanunsuz mərc reklamları ilə bağlı cinayət işi çərçivəsində İstanbul Çağlayan Məhkəməsində ifadə verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Ilıcalı ifadəsində aylıq gəlirinin 5 milyon lirə olduğunu açıqlayıb.
O, ittihamlarla razılaşmadığını bildirib: “Niyə burada olduğumu hələ də anlaya bilmirəm”.
İddialara görə, Avropa yayım hüquqlarına malik olan “Exxen” platformasında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklamları yer alıb. Ilıcalı isə bildirib ki, bu görüntülər UEFA-dan satın alınmış yayımlardır və həmin reklamları dəyişmək və ya müdaxilə etmək mümkün deyil.
Prokurorluq tərəfindən hazırlanmış iddianamədə Ilıcalı ilə birlikdə bir neçə nəfər haqqında “qanunsuz mərci təşviq və reklam etmək” maddəsi ilə 5 il 3 aya qədər həbs tələbi irəli sürülüb.
Məhkəmə prosesi iyulun 2-də davam edəcək.