"İran İsrail müharibəsi İsraili dominant gücə çevirdi" - MÖVQE BİLDİRİLDİ

1 İyul 2025 16:42 (UTC+04:00)

"İsrail-İran savaşının davam etdiyi bir zamanda iyunun 22-də Amerikanın İranın nüvə obyektlərini bombalamasından sonra Tehranın geri çəkilməsi Yaxın Şərqdə baş verən dəyişikliyin ABŞ və İsrailin strateji qazanclarına çevrilməsinə şərait yaratdı. Həmçinin İran haqqında illər boyu yaradılan mif də sona çatdı. Belə ki, Amerikanın İranı vurması Yaxın Şərqdə qarşısıalınmaz böyük müharibəyə səbəb ola biləcəyi, nəticədə isə Tehranın asimmetrik vasitələrlə Amerika personalına və mövqelərinə zərbə endirməsi eskalasiya ilə nəticələnəcəyi proqnozlaşdırılırdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib.

Onun sözlərinə görə, 2023-cü il oktyabrın 7-də başlayan İsrail və HƏMAS müharibəsi İsrailin milli təhlükəsizlik doktrinasını dəyişdi. Bu da təkcə Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qrupların zərərsizləşdirilməsi ilə nəticələnmədi, hətta İrana da zərbələr endirildi, bir sıra yüksəkrütbəli zabitləri, alimləri, mülki şəxsləri öldürüldü: "Bu, Yaxın Şərqdə şişirdilmiş İran obrazının, həmçinin Rusiya və Çinin rəhbərlik etdiyi anti-Qərb ittifaqının kövrəkliyini nümayiş etdirdi.

İsrail və İran arasındakı 12 günlük savaş ABŞ-ın dəstəyi ilə İsraili hazırda regionda dominant hərbi gücə çevirdi, həmçinin Amerikanın hərbi qüdrətini təsdiqləməsi qlobal iqtisadi-siyasi nəticələrə də səbəb oldu. İranın nüvə proqramını yenidən aktivləşdirmək cəhdləri, Tehranın Yaxın Şərqdə silahlı qruplarla münasibəti fonunda İsrailə təhdid ehtimalları münqaişənin başlamasına təkan verə bilər. Lakin İran rejiminin yıxılacağına dair heç bir əlamət olmasa da, Tehrandakı sistemin yenidən formalaşmaq zərurəti artıq qaçılmazdır. Yenidən başlama ehtimalı olan bu münaqişə bütün dünyada illərlə hiss olunacaq böyük geosiyasi təsirlərə səbəb olaraq, dünya ölkələrini nüvə ilə təhdid edə bilər".