MGH-də Skoliozun müasir üsullarla müalicəsi həyata keçirilir

30 İyun 2025 12:37 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Dr.Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında “Skolioz necə müəyyən edilir?” mövzusunda məlumat verib. SİA xəbər verir ki, skoliozun erkən diaqnostikası çox vacibdir. Bu xəstəlik uşaqlarda sürətlə və gizlin inkişaf etdiyi üçün erkən müayinə bir o qədər yaxşıdır. Bu xəstəliyi effektiv nəzarətdə saxlamağa və əməliyyatsız müalicə şansını yaradır. Nəzərə almaq lazımdır ki, idiopatik skolioz erkən mərhələlərdə deformasiyadan başqa heç bir əlamətlə özünü biruzə vermir. Skoliozun yuxarı dərəcələrində və ciddi əzələ disbalanslarında ağrılar əmələ gələ bilər. Ona görə uşağınızda onurğa ağrıları yaranarsa mütləq fizioterapevt müayinəsinə aparın. Skoliozun müayinəsi fizikal vizual baxışdan başlayır. Bu müayinədə bəzi nahiyələrə xüsusi diqqət yetirmək lazımdır. Bu valideynlər üçün faydalı məlumatlardır. Beləliklə, biz pasiyentimizdə kürək və bel nahiyəsinin sağ və sol tərəfini simmetrik olub olmamasını qiymətləndiririk. Nahiyədə aşağıda qeyd olunmuş məqamlara diqqət yetiririk: Çiyinlərin səviyyəsi və qabarması, bel xəttinin və çanağın simmetrik olması. Bu müayinə zamanı qeyd edilmiş yerlədə assimetriya aşkar edilirsə, bu skoliozun əlamətləri ola bilər. Sadə bir test olan Adams testi də aparıla bilər. Pasiyent qabağa əyilir və biz pasiyentin kürək və ya bel nahiyəsində qabarmanın olub olmamasına fikir veririk. Qabarmalar onurğada fəqərələrin rotasiyası hesabına əmələ gəlir. Qeyd etdiyimiz kimi fəqərələr öz oxu ətrafında fırlanır. Bunun baş verməsinin səbəbi hələ də tam aydın bilinmir.

Vizual müayinədən sonra pasiyenti rentgenə göndəririk. Rentgen skoliozun dərəcəsini bizə göstərir. Eyni zamanda, rentgendə sümüklərin bağlanma zonalarını qiymətləndiririk.