Müzəffər Ordumuz milli sərvətimizdir

30 İyun 2025 12:11 (UTC+04:00)

Dövlət yaratmaq üçün əsas və vacib şərtlər: ərazi, əhali və milli dəyərlər. İstənilən dövlətin təhlükəsizliyinin qorunması asılılığı isə lider və orduya bağlıdır. Güclü, qüdrətli və taktik imkanlara malik olmaq hər bir milli ordunun funksiyasıdır. Bunla belə,ordunun gücü ilk müdafiə xarakterli olmalıdır. Tarixi proseslər göstərir ki, işğalçılığı və təcavüzkar məqsədləri qarşısında vəzifə kimi qoyan ordular tez ya gec biabırçı məğlubiyyətə düçar olurlar. Lider realist, iradəli və praqmatik olduqda dövlətin təhlükəsizliyi üçün hədəflər vaxtında müəyyən olunur, digər təsisatlar kimi ordu da təhlükəsizlik üçün zəruri tədbirlər görməyi vaxtında və layiqincə bacarır.Müasir və müstəqil Azərbaycanın milli dövlətçilik prosesindəki ordu quruculuğu tam şəkildə müdafiə xarakterli olmaqla ölkənin, dövlətin və xalqın təhlükəsizliyinə qarşı monolit bir qüvvə kimi mətinliklə formalaşır. Burada ulu Dədə Qorqudun ibrətamiz “...Biri odur ki, bu torpağı gərək əkib-becərəsən. O biri odur ki, torpağı yağılardan qoruyasan. Torpağı əkib-becərmədinsə, qorumağa dəyməz. Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz!” ,-ifadəsini xatırladandan sonra mövzunu davam etdirmək istərdik.

...Azərbaycan xalqının müasir dövlətçilik tarixi ən mürəkkəb hadisələrlə zəngindir. Dövlətimizin varlığı, ölkəmizin bütövlüyü, xalqımızın mətinliyi naminə aparılan milli-azadlıq mübarizəsində dövlətçilyə təsir göstərə bilən bütün hadisələrin şahidi olmuşuq. Satqın və sərişdəsiz şəxslərin hakimiyyəti ələ keçirməsindən tutmuş, dövlət çevrilişlərinə edilən cəhdlər, vətəndaş müharibəsi riskləri kimi hadisələr dövlətçilik tariximizdən silinməyən səhifələrdir. Təəssüf ki, bütün bunlar ilk növbədə Azərbaycana qarşı yeni müstəvidə başlanmış erməni təcavüzkarlığın həvəsləndirmişdir ki, bunun da ağrı və acısını, fəsadlarla dolu nəticələrininə az, nə çox əsrin üçdə biri qədər zaman kəsiyində yaşamalı olduq. Nəhayət ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda ildırım sürəti ilə dəyişən ab-hava dövlətçilik tariximizin dönüş nöqtəsi, milli qürur salnaməmizə qızıl hərflərlə yazılan səhifələrin yazılması oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşması bu prosesdə ön sırada dayanır. Böyük fəxr və iftixarla qeyd etdiyimiz 26İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması tarixi milli dövlətçilik təqvimimizdə əvəzolunmaz bir gündür. Bu gün dövlətçilik tariximizdə keçmişimizə ayna tutduğu kimi bu günümüzə iftixar gətirir, gələcəyimizə böyük ümid çırağı alovlandırır.

Əvvəlcə 26İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günmü barədə ümumi məlumatı təqdim edək.

 Məlum olduğu kimi Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi "Əlahiddə Azərbaycan korpusu" təşkil olunmuşdur.

 Azərbaycanın xilaskarı, ümummilli lider Heydər Əliyev milli təqvimimizdə əzəmətli yeri olan 26 iyun tarixinin müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması günü kimi qeyd etmək məqsədi ilə “AzərbaycanRespublikasınınSilahlıQüvvələrigünühaqqında”22 may 1998-ci il tarixlimüvafiqFərmanimzalamışdır.

 Azərbaycan Demokratik Respublikası yaranandan bəri qarşılaşdığı ən böyük problem məhz ölkəmizin sərhədlərinin və suverenliyinin bərpası məsələləri olmuşdur.

 Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevinin liderliyi ilə qəhrəman Azərbaycan Ordusu 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu tarixi Zəfər həm Azərbaycan Demokratik Respublikasından bəri mövcud olan süni yaradılmış tarixi problemləri birdəfəlik həll etmiş, həm də ulu öndər Heydər Əliyevin dövlətçilik arzularını tam şəkildə həyat reallığına çevirmişdir.

Azərbaycan Silahlı Qüvvələri milli qürurumuz və şərəfimizdir. Bu qürurun və şərəfin əzmlə qorunmasında birliyimiz, və həmrəyliyimiz milli sərvətimizdir.

Bu günlərdə ənənəvi mediada və sosial şəbəkələrdə ən çox rast gəldiyim ibadəni böyük məmnuniyyət hissi ilə mən də təqdim edirəm: Böyük Tanrı xalqımızın birliyini və mətinliyini, Azərbaycan Prezidenti Zati-aliləri, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevinin liderliyi ilə Rəşadətli Ordumuzu qorusun!

Böyük qürur hissi ilə deyə bilərik ki, Qafqazdan Anadolunun qərbinə, Yaxın Şərqin ucqarlarına kimi hər bir məkanda insan cəmiyyəti üçün silinməz izlər buraxan əcdadlarımız eyni zamanda adlarını çəkdiyim coğrafiyalarda böyük hərbin nəhəng fiqurları kimi şərəf tarixi yaradıblar. Təəssüf ki, çar Rusiyasının cənuba doğru irəliləməsi nəticəsində qarşılaşdığımız hərbi məğlubiyyətlər təkcə ərazilərimizin parçalanması və bölünməsi ilə yekunlaşmamış, eyni zamanda qədim və orta əsrlərə dair real tariximizin, həmçinin hərbi zəfərlərin əsl mahiyyətinin ya təhrif olunmasına, ya da tam saxtalaşdırılmış şəkildə çatdırılmasına səbəb olmuşdur. Nəticədə Azərbaycan xalqı real genetik xüsusiyyətlərinə, o cümlədən hərbi peşəyə olan maraq dairəsi barədə yanlış təsəvvür yaradılmışdır. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevinin liderliyi əsasında qəhrəman Ordumuzun 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi bütün parametrləri ilə Azərbaycan xalqının döyüşkənliyini, humanistliyini, düşmənə qarşı həm sərtliyini, həm də bağışlamaq, əfv etmək kimi yüksək xüsusiyyətlərini bütün dünyaya nümayiş etdirdi. Bu real şərəf tablosu barədə aydın təsəvvür yaratmaq üçün tarixi proseslərə ötəri nəzər yetirək.

Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının təsis etdiyi "Əlahiddə Azərbaycan korpusu" Birinci Dünya Müharibəsində, əsasən, azərbaycanlılardan ibarət yeganə milli hərbi hissə olub. Sonrakı illərdə bu alay milli qüvvələrin yanında dayanıb. O, dövrə dair mənbələrdəəsaslandırılır ki, 1918-ci il mayın 28-də Tiflisdə “İstiqlal Bəyannaməsi”qəbul ediləndə, binanın həyətində cümhuriyyətçiləri “Tatar Alayı” qoruyub. Cümhuriyyətin qurucuları da öz növbəsində bu alaya güvəniblər. Onlar əmin idilər ki, bu alay onları qoruyarsa, Müvəqqəti Hökumətin, başqa mürtəce qüvvələrin heç bir provokasiyası baş tutmayacaq.

Qafqaz İslam ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələndə bu alay Azərbaycan Milli Ordusunun təməlini təşkil edirdi. Azərbaycan Demokratik Respublikası 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaratdı. Görülən tədbirlər nəticəsində qısa zaman kəsimində 40 minə yaxın əsgəri olan milli ordu quruculuğuna başlandı. 1918-1920-ci illərdə piyada və atlı alayları ilə bərabər artilleriya briqada və diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası vardı. Hətta Xəzər dənizində kiçik bir donanma da vardı. Hökumət büdcədən ordu quruculuğuna yetərincə məbləğ ayırırdı və s.
Göstərilən faktlar, o cümlədən “40 min” rəqəmi birmənalı şəkildə təsdiq edir ki, Azərbaycan xalqı döyüşkəndir, bu xalq hərb sənətinə meyillidir və meydanda özünün təsdiq etmək üçün şəraitdən istifadə edir.

Azərbaycan xalqının hərb sənətinə münasibəti, ötən əsrdə ikinci dəfə ümummilli lider Heydər Əliyevin sayəsində üzə çıxmışdır. Belə ki, diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi lisey ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi lisey adlandırılmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Sovetlər birliyi dövrünün statistik rəqəmlərinə müraciət etdikdə görürük ki, Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başlayan kimi azərbaycanlı yeniyetmələrin bu təhsil ocağına kütləvi axını başlamışdır. Məktəbin məzunları əsasən azərbaycanlılardan ibarət olmuş və keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərində təhsillərini davam etdirmişlər. Azərbaycanlı zabitlərin səs-sorağı illər sonra keçmiş ittifaqın böyük hərbi hissələrindən gəlməyə başlamışdır. Cəmşid Naxçıvanski hərbi məktəbinin məzunlarının əsas hissəsi müstəqilliyin bərpası illərində Azərbaycana dönmüş, milli ordu quruculuğunda iştirak etmiş, Vətənin müdafiəsi şərəfli ömür yaşayıblar.

Rəsmi məlumatlarda da bildirilir ki, Naxçıvanski adına Hərbi liseyin məzunlarından 1000 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuş, 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər isə Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Heydər Əliyev adına Hərbi liseyin məzunlarından isə 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində gedən döyüşlərə C.Naxçıvanski adına Hərbi liseyin zabit-gizir heyəti də qatılmış və onlardan 1 nəfər zabit şəhid olmuş, 3 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarəti almış və qazilik mərtəbəsinə yüksəlmişdir. C.Naxçıvanski adına Hərbi liseyin 40 nəfərdən çox hərbi qulluqçusu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunmuşdur.

İkinci Qarabağ müharibəsində iştirak edən bütün şəxslər, o cümlədən hərbi kontingent qısa zaman kəsiyində Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olundu. Şəhid ailələri, qazilər üçün xüsusi sosial layihələr həyata keçirildi. Azərbaycan xalqı “Şəhidlər ölməz, Vətən bölünməz!”,- şüarı ilə qəhrəman övladlarına göstərdiyi rəğbət və ehtiramı hər yerdə, bütün məkanlarda tətbiq etdi. Bütün bunlar Azərbaycan Ordusunun sıralarının daim peşəkarlardan ibarət formalaşması üçün mənəvi stimullardır. Ordunun gücünü göstərən başlıca amillər sırasında liderin, Ali Baş Komandan siyasi iradəsi müstəsna rola sahibdir. Hərbi-texniki təchizat və davamlı təlimlər isə peşəkarlığın rəhnidir.

Tanrı müzəffər Ali Baş Komandanı və Ordumuzu qorusun.

Sabir Şahtaxtı, müstəqil jurnalist, xüsusi olaraq SİA üçün