Daha bir ölkə KDÇ-2029-a namizəd oldu

30 İyun 2025 10:23 (UTC+04:00)

Qətər 2029-cu ildə klublararası dünya çempionatına ev sahibliyi etməyə maraq göstərib. SİA xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Qətər turnirin keçirilməsi üçün rəsmi müraciət etməyi planlaşdırır və yarışın qış mövsümündə təşkil edilməsi nəzərdə tutulur.

ABŞ-də keçirilən hazırkı turnir zamanı Qətər rəsmiləri FIFA nümayəndələri ilə yüksək səviyyədə danışıqlar aparıb və növbəti çempionatı 4 ildən sonra təşkil etmək istədiklərini bildiriblər.

Qətər bildirib ki, turniri karbon emissiyası olmadan təşkil edə bilər. Bu, hazırkı ABŞ turniri ilə kəskin ziddiyyət təşkil edir. ABŞ-da komanda və azarkeşlər müxtəlif şəhərlər arasında uzun məsafələr qət edirlər, oyunlar isə 11 müxtəlif şəhərdə keçirilir.

2022-ci il dünya çempionatı üçün inşa edilən 9 stadion yaxşı vəziyyətdədir, onlardan altısı mütəmadi olaraq Qətər liqasının oyunlarında istifadə olunur. Bu stadionlar, həmçinin, təşkilatçılıq xərclərini və daxili səfərləri minimuma endirmək üçün yararlı sayılır.

Lakin Qətərdə yay aylarında müşahidə edilən ekstremal istilər turnirin keçirilməsi üçün əsas maneədir. Böyük ehtimalla yarış qış aylarında baş tutacaq. Bu, 2022-ci il dünya çempionatında da eyni şəkildə həyata keçirilmişdi.

Qeyd edək ki, Braziliya da turniri qəbul etmək istədiyini açıqlayıb.