Danimarka vətəndaşlarının görünüşü və səsi əqli mülkiyyət kimi tanınacaq

28 İyun 2025 09:07 (UTC+04:00)

Danimarka "dipfeyk" (süni intellektin köməyi ilə yaradılmış foto, audio və videomaterialların real şəkildə əvəzlənməsi) problemini kökündən həll etmək qərarına gəlib. Ölkə hökuməti dünyada ilk dəfə olaraq hər bir vətəndaşın üzünü, səsini, hətta davranış tərzini onun şəxsi əqli mülkiyyəti kimi tanımağı təklif edib. SİA xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat verib.

Əgər şəxsin rəqəmsal surəti - istər üz, istər səs, istərsə də davranış - neyron şəbəkələrdən istifadə edilməklə yenidən yaradılıbsa və razılıq olmadan internetdə dərc olunubsa, belə "dipfeyk"in müəllifi materialı silmək məcburiyyətində qalacaq. Bundan əlavə, zərərçəkmiş təzminat ala biləcək. Qanun zarafatlara və parodiyalara şamil edilməyəcək.

Parlament ideyanı demək olar ki, yekdilliklə dəstəkləyib. Qanun layihəsinin rəsmi olaraq payızda təqdim ediləcəyi gözlənilir. Danimarka səlahiyyətliləri onlayn platformalara xəbərdarlıq ediblər: yeni qaydalara məhəl qoymamaq mümkün olmayacaq. Qanun pozuntuları böyük cərimələrlə nəticələnəcək. Problemlər davam edərsə, iş Avropa Komissiyasına verilə bilər.

Rəsmi Kopenhagen Danimarkanın digər Avropa ölkələri üçün nümunə olacağına ümid edir.